Sentyabrın 2-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” neft-qaz çıxarma idarəsinin 4 saylı Dərin Dəniz Özülündə yanğın baş verdiyi, 1 nəfərin həlak olduğu bildirilir.
"Azneft" İB-dən bildirilib ki, hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Əlavə edilib ki, hadisə nəticəsində "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika idarəsinin bir əməkdaşı vəfat edib.
Qurumdan vurğulanıb ki, hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Amma, hələlik, bu məlumata vəfat edən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Son illər Xəzərin dalğaları onlarca neftçinin həyatına son qoyub, qəzalarda əlavə yaralananlar olub.
Son 10 ildə Xəzərin Azərbaycan sektorunda baş verən bədbəxt hadisələr arasında ən çox itki isə "Günəşli" neft yatağında yanğın zamanı baş vermişdi.
2015-ci il dekabrın 4-də baş verən həmin hadisədə orada olan 64 neftçidən yalnız 34-ü xilas edilmişdi. Qalanlarının isə həlak olduğu və itkin düşdüyü açıqlanmışdı.