Həlak olan hərbçilərdən kimin kredit borcu olub, silinib

Sizin brauzer HTML5-i dəstəkləmir

Müharibədən sonra veteranlar: 'Gərək pul verəsən ki...'

Bu ay Ermənistanla sərhəddə baş verən toqquşmalarda həlak olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib.

Bu barədə məlumatı "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi yayıb.

ABA 1990-cı ildə təsis olunub. Hazırda quruma 26 bank və 5 qeyri-bank təşkilatı daxildir.

Amma məlumatda silinən borcun ümumilikdə məbləği açıqlanmayıb.

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümumilikdə 80-ə yaxın hərbi qulluqçu həlak olub, 280-dən çox hərbçi isə yaralanıb.

Ermənistan tərəfi isə 135 hərbçi itirdiklərini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

MN: 282 hərbçi yaralanıb

12-14 sentyabr tarixlərində Azərbaycan və Ermənistan sərhəd bölgəsində gedən silahlı toqquşmada Azərbaycanın 282 hərbçisi yaralanıb. Bu barədə sentyabrın 17-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - açıqlamada bildirilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Onda isə 3 minə yaxın hərbi qulluqçunun həlak olduğu bildirilmişdi. Həmin vaxt da onların kredit borclarının silindiyi açıqlanmışdı.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Onda itkilərin daha çox olduğu bildirilib.