Azərbaycan İranla sərhədini bağlayır

Astara sərhəd keçidi

Azərbaycan fevralın 29-da saat 16:00-dan etibarən İranla sərhədini məhdudlaşdırıcı rejim əsasında iki həftəlik bağlayacağını açıqlayıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb:

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral… saat 16.00-dan etibarən iki həftəlik Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub”.

Məlumatda yazılıb ki, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycanın bu qərarı barədə onlara məlumat verilib:

“… Əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır…”

Artıq Azərbaycanda 3 şəxsdə koronavirusun aşkarlandığının təsdiq edildiyi açıqlanıb.Onlardan iksinin Azərbaycan birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.

Bundan başqa son günlər İrandan qayıdan bir neçə yüz insanın koronavirus şübhəsi ilə Azərbaycanın cənub rayonlarındakı xəstəxanalarda karantinə alındığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 min civarında olduğu bildirilir.

Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bir neçə gün əvvəl isə (onda hələ virusun Azərbaycanda kimdəsə aşkarlandığı təsdiqlənməmişdi-red) bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi.

İranda bir çox şəxsin bu virusdan öldüyü vurğulanırdı. Bəzi ölkələr hələ bir neçə gün əvvəl İranla sərhədlərii bağladıqlarını açıqlamışdılar.