Azərbaycan Rusiyadan narazı qalıb

XİN

Azərbaycan Xarici İşlər Nazirliyi bu il martın 5-i və 6-da Moskvada Rusiya və Ermənistan arasında təşkil edilən «Lazarev klubu»nun ikinci iclasında iştirakçılar ilə bağlı narazılığını bildirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 7-də yaydığı məlumatda qeyd edilir.

Məlumatda kütləvi informasiya vasitələrinə (KİV) istinadən bildirilir ki, həmin tədbirdə Rusiya Federasiyası (RF) prezidentinin müşaviri S.Qlazyev və Dövlət Dumasının komitə sədrinin birinci müavini K.Zatulin də iştirak ediblər.

XİN xatırladıb ki, həmin klubun ilk iclasına Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, orda ölkənin suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Rusiyaya narazılıq çatdırılıb.

Açıqlamada vurğulanmasına görə, «Lazarev klubu»nun ikinci iclası ərəfəsində jurnalistlərin ora qondarma rejimin liderlərinin dəvət edilməsinə dair sualına cavab olaraq Rusiya XİN-in rəsmi sözçüsü deyib ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir. «RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir», - açıqlamada yazılıb.

XİN öz növbəsində bildirir ki, ikinci iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksəkvəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatlar var. «Bu ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir», - Azərbaycan XİN hesab edir.

«Lazarev Klubu» 2018-ci ildə yaradılıb. Klubun Rusiya və Ermənistan əlaqələrinin inkişafına xidmət etmək məqsədilə yaradıldığı bildirilir. Klubun birinci iclası Ermənistanda keçirilib.

Xatırlatma

Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişə hökm sürür. Bu münaqişə Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Dağlıq Qarabağ işğal altında olsa da, onun müstəqilliyini dünyanın heç bir ölkəsi tanımayıb. Azərbaycan Dağlıq Qarabağın hazırkı idarəçilərini separatçı sayır və onlarla istənilən əlaqəni suveren bir ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirir.