Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında bildirilir.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndiyə qədər 1.8 milyon civarında şəxsin peyvənd olunduğu bildirilir. Onların 760 mindən çoxunun ikinci mərhələdən (vaksinasiya iki dozada vurulur) keçdiyi vurğulanır.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.
Ölkəyə "Sputnik V” kimi az miqdarda "AstraZeneca" vaksini də gətirilib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 330 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 792-nin vəfat etdiyi bildirilib.