Oktyabrın 22-də evlərinə yağış sularının ziyan vurduğunu deyərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsərək etiraz aksiyası keçirən vətəndaşların inzibati qaydada həbs olunduğu bildirilir.
"Turan"ın məlumatına görə, Bakının Xəzər rayonu Binə qəsəbəsinin iki sakini (adları acılanmır) evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Agentlik bildirir ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yolda 5 dəqiqə ərzində tıxac yaranıb, əraziyə gələn polislər həmin şəxsləri saxlayaraq barələrində protokol tərtib edib.
Xəbərə görə, Xəzər rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə 7 sutka müddətinə həbs edilib.
Hələlik, bu məlumata Daxili İşlər Nazirliyi və həbs edildiyi bildirilən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açıb. Bakının digər bir rayonu-Sabunçu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirib. Paytaxtda tunelləri, küçələri, evləri su basıb, bəzi yerlərdə kanalizasiyalar daşıb. Nəqliyyat iflic vəziyyətə düşüb, avtobusların marşrut xətləri dəyişib.
Oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələlərlə bağlı iclas olub. Nazirlər Kabinetinin məlumatına görə, iclasda vurğulanıb ki, yağışın fəsadları ilə bağlı vəziyyət araşdırılır, yekun qərar qəbul ediləcək.
Bəzi müstəqil ekspertlər isə deyir ki, son onilliklərdə paytaxtda su və kanalizasiya problemlərini yoluna quymaq üçün milyard manatlarla pul ayrılıb, amma onların xərclənməsində heç bir şəffaflıq olmayıb. Onlar hesab edirlər ki, son günlər meydana çıxan fəsadların başlıca səbəbi həmin layihələrin icrasında yol verilən pozuntulardır.