Söküntü qərarı, Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqələndirilib
İl başlar-başlamaz, hökumətdən yenə Bakıda söküntü xəbəri gəldi. Nazirlər Kabineti Yasamal rayonu ərazisində vətəndaşlara məxsus 283 yaşayış və qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına qərar verib.
Söhbət Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd mənzil və obyektdən gedir.
Qərar Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqələndirilib.
İcra hakimiyyəti təkliflərini verəcək
Baş nazirin müavini Abid Şərifovun dekabrın 30-da imzaladığı qərar-da obyektləri satın alan orqan kimi paytaxtın Yasamal Rayon İcra Hakimiyyəti müəyyənləşdirilib.
Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, torpaq sahələrinin dövlət ehtiyaclarına alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun gerçəkləşdirsin. Qurum bununla əlaqədar təkliflərini hökumətə təqdim etməlidir.
Artıq bir neçə ildir ki, Bakıda “Sovetski” adı ilə məşhur ərazidə minlərlə yaşayış və qeyri-yaşayış sahəsinin söküntüsü aparılırdı. İşlər 2016-cı ilin sonunda yekunlaşıb. Hökumət bu ərazidə park və geniş avtomobil yolları salır.