Binəqədi və Sumqayıtdakı çirkab göllər sakinləri cana yığıb
"Kanalizasiya xətti gölməçəyə yönləndirilib. İllərdir ki, Binəqədinin yarısının nəcisi, sidiyi o xətlə gölməçəyə axıdılır. Onsuz da bunun zülmünü çəkməkdəyik. Bir tərəfdən də gölün ətrafındakı daş karxanaları "otxod" daşları gölməçəyə tullayır. Çirkab suyun səviyyəsi qalxır, ətrafa daşır, evləri basır".
Bunu AzadlıqRadiosu-na Bakıda – “Baksol” adlanan ərazidə yaşayan sakinlərdən biri Lətifə Ağayeva deyir.
“SU ÇƏKİLİB, ÜFUNƏTDƏN BEYİN ÇATLAYIR”
Bir neçə ildir yerli bələdiyyədən aldıqları torpaqlarda yerli icra hakimiyyətinin rəsmi və qeyri-rəsmi icazəsiylə evlər tikmiş yüzlərlə sakin çıxılmaz duruma düşüb. Ərazidəki kanalizasiya sularının çıxarı olmadığından evlərin arasında çirkab sulardan gölməçələr yaranıb. Hətta bu gölməçələrdə, az qala, adamboyu ölçüsündə qamışlar da bitib. Bir neçə gün əvvəl gölməçələrdən biri növbəti dəfə daşıb. Sakinlərin evlərinə dolan çirkab suların yaratdığı üfunət və antisanitariya vəziyyəti hələ də davam edir.
Lətifə Ağayeva: "Gölün ətrafında daş karxanaları var. Karxanaların bütün tullantıları gölməçədədir. İrili-xırdalı daş parçaları çirkab suların axıb getməsini təmin edən xətlərə dolur, su gölə yığılır və daşır. Həyətimi, evimin zirzəmisini su basmışdı. İki aydan çoxdur vəziyyət lap çətinləşib. 10 gün əvvəl yenə həyət-bacalarımız, evlərimiz çirkab sularla dolmuşdu. İndi su çəkilib, ancaq üfunətdən beyin çatlayır".
Zaur Əfəndiyevə məxsus mebel sexini və ətrafdakı başqa obyektlərini də çirkab su basıb. Onun AzadlıRadiosu-na deməsinə görə, bahalı avadanlıqları zay olub.
Binəqədi rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, "Azərsu" ASC vaxtaşırı kanalizasiya xətlərini tullantılardan təmizləyir. Ərazidəki obyektlərə, daş karxanalarına da xəbərdarlıq olunub.
KANAL NECƏ ZİBİLLƏNİR
AzadlıqRadiosu-nun "Qaynar xətt"inə Sumqayıtın "Yaşıldərə" adlanan ərazisindən də oxşar problemlə bağlı şikayət daxil olub. Abşeron magistral kanalına atılan tullantılar suyun səviyyəsinin qalxmasına səbəb olub. Sakinlər deyir, kanalı əsasən kənarda yaşayanlar və uzaqdan-yaxından gəlib kanal kənarından keçən zibil maşınları yükləyir. Nəticədə zərər ətrafda yaşayanlara dəyir. Sakinlər kanal üzərində nəzarətin gücləndirilməsini istəyirlər.
Sumqayıt şəhər icra hakimiyyəti isə sakinləri günahlandırır. Qurumdan bildirilib ki, Abşeron Suvarma Sistemləri İdarəsi sözügedən kanalı nəzarətdə saxlayır. Ancaq sakinlər özləri kanalın ətrafını zibillə doldurur, sonra o zibillər kanala tökülür.
Abşeron Suvarma İdarəsindən "Qaynar xətt"ə bildirilib ki, idarə əməkdaşları kanala yaxın ərazilərdə yaşayan ailələrlə vaxtaşırı görüşüb söhbətlər aparır. Bununla belə, kanal tez-tez təmizlənsə də, sakinlər zibilləri kanala atır. İdarə rəhbərliyi çıxış yolunu kanala zibil atanların cərimələnməsində görür. Ancaq zibillənmənin, əsasən gecə saatlarında baş verdiyi bildirilir. Bu üzdən zibilləyənin kimliyini müəyyən etmək də çətinlik yaradır.