Çeçenistanda saxlanan Azərbaycan vətəndaşları ölkəyə gətirilib

Rusiyada polis reydlərindən birindən sonra (Arxiv fotosu)

Çeçenistanda saxlanan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.

Bu barədə bu gün, sentyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Təqribən bir ay bundan əvvəl Rusiyanın Çeçenistan Respublikasında üç nəfər Azərbaycan vətəndaşı - Elxan Şirinov, Vüqar MəhərrəmovNihad Rzayevin miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlandıqları bildirilirdi. Daha sonra E.Şirinov və V.Məhərrəmovun Qroznıda Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə cəlb olunduqları vurğulanırdı.

Azərbaycan XİN-dən vurğulanıb ki, həmin şəxslərin ölkəyə geri qaytarılması məqsədilə Rusiya XİN-nə nota ünvanlanıb və aidiyyəti qurumlar ilə danışıqlar aparılıb: "Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın... 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib".

Hələlik, məsələ ilə bağlı həmin şəxslər və Rusiya tərəfi ilə danışmaq mümkün olmayıb.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin avqustunda Rusiya vətəndaşlığı almış şəxslərin icbari qaydada hərbi qeydiyyata düşməsinə dair qanun imzalayıb.

Bu tələbin yerinə yetirilməməsi Rusiya vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər.

Xatırlatma

2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirib. (sanksiyalar 2014-cü ildə Rusiyanın Ukraynanin Krım bölgəsini ilhaq etməsindən sonra başlamışdı) Azərbaycan sanksiyalara qoşulmur. Artıq 2 il yarımdır davam edən müharibədə yüz minlərlə insanın həlak olduğu, milyonlarla insanın qaçqın düşdüyü bildirilir.