Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevaya 8 il həbs istənilib. Bu, avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində universitetin keçmiş şöbə müdirinin cinayət işi üzrə hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının nitqində öz əksini tapıb.
Prokuror məhkəmədən D.Əliyevanın ittiham olunduğu maddələrlə təqsirli bilinərək məhkəmə zalında dərhal həbs edilməsini istəyib.
Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib, proses sentyabrın 8-də davam edəcək.
D.Əliyeva özünü təqsirli bilmir və məhkəmədə ovaxtkı rektoru Nurlana Əliyevanın dindirilməsini tələb edirdi. Amma keçmiş rektor da məhkəmədə D.Əliyevanı günahlandırıb.
İttiham aktına görə, D.Əliyeva şöbə müdiri olduğu 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul almaqda şübhəli sayılır. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilir.
Buna da bax: Keçmiş rektor: 'Məndən sonra universitetdə YAP-çıların sayı artdı'