FHN: Yanğın tam söndürülüb
SOCAR-ın Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə axşam saatlarında FHN-in Mətbuat xidmətindən bildirilib.
Hələlik, yanğında xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
+++
Bu gün, avqustun 30-da, günün ikinci yarısında Bakı şəhəri, Suraxanı rayonundakı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb: "Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir".
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə deyilib ki, yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yanğının, hələlik, səbəbi açıqlanmır.