Sentyabrın 25-dən Bakı-Sumqayıt qatarlarının tarifləri artırılır

Bakı-Sumqayıt qatarı

Sentyabrın 25-dən Abşeron dairəvi marşrutu üzrə (Bakı-Sumqayıt) qatarlarının tarifləri artırılır

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

Bildirilib ki, Abşeron dairəvi marşrutu üzrə qiymət minimum 40 qəpik olacaq:

"Bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq".

Qurumdan vurğulanıb ki, bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və keyfiyyətin artımına yönəlib.

ADY-dən əlavə olunub ki, ölkədaxili səfərlər edən sərnişinlər üçün qiymət endirimləri da nəzərdə tutulub:

"Biz 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçirik. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 faiz endirimdən yararlana biləcəklər".

Bu qiymət artımı ilə bağlı Azadlıq Radiosuna danışan bəzi Sumqayit və Abşeron rayon sakinləri narazılıqlarını ifadə ediblər.

Onlar bu qiymət artımının keyfiyyətin yüksəlməsinə xidmət edəcəyinə bir elə də inanmadıqlarını vurğulayıblar.

Həmin şəxslərin sözlərinə görə, ölkədə nəqliyyatda hər qiymət artımı baş verəndə keyfiyyətin də yüksəldiləcəyi deyiləsə də, çox vaxt vədlər özünü doğurultmur.

Xatırlatma

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb.

Onda Bakı-Sumqayıt istiqamətində dəmir yolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb.

Abşeron dairəvi dəmir yolu Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı- Biləcəri- Sumqayıt və Bakı- Sabunçu-Sumqayıt.