“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun metroda daşıma qiymətlərinə dair açıqlaması son günlər Azərbaycanda əsas müzakirə mövzularından birinə çevrilib. Metropoliten rəsmisi bildirmişdi ki, ötən il bir sənrişinin daşınması metropolitenə 68 qəpiyə başa gəlib. Hazırda Bakı şəhərində metro nəqliyyatında bir gedişin qiyməti 40 qəpikdir.
Bu açıqlama ilə metropoliten rəsmisi metroda sərnişindaşıma qiymətinin gedişhaqqından çox olmasına diqqət çəkir. Ancaq qurum rəsmisinin gözdən qaçırdığı və ya dilə gətirmədiyi bir məqam da var. Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda metro ilə daşınan sərnişin sayı hələ də pandemiyadan öncəki duruma qayıtmamışdı.
Rəsmi rəqəmlərə görə, pandemiyadan bir il öncə - 2019-cu ildə Bakı metrosunda 237 milyon sərnişin daşınıb. 2020-ci ildə bu rəqəm metronun xeyli müddət bağlı qalması üzündən, 75 milyon, 2021-ci ildə 90 milyon olub. Ötən il metroda daşınan sərnişin sayı 209 milyon nəfərdir. Deməli, 2022-ci ildə metroda sərnişindaşıma ilə bağlı məhdudiyyətlər olmasa da, daşınan sərnişin sayı pandemiyadan öncəki göstəriciyə çatmayıb. Əksinə, 2019-cu illə müqayisədə 28 milyon daha az sənrişin daşınıb.
Dövlət qurumları bunun səbəbləri barədə hər hansı araşdırma aparmasa da, məhdudiyyətlər qalxandan sonra sənrişin sayının tam eyni səviyyəyə gəlməməsini bəzi amillərə bağlamaq olar. Bunlardan biri işsizliyin artmasıdır. Ötən il ölkədə işsizlik səviyyəsi öncəki illə müqayisədə ensə də, hələ də pandemiyaöncəsi dövrlə müqayisədə yüksəkdir, axı pandemiya şərtləri bir çox müəssisənin sıradan çıxmasına, dolayısıyla insanların işlərini itirməsinə yol açmışdı. Bu baxımdan, işsiz insan sayı artdığından, işə getmək üçün metrodan daha az istifadə edilir.
Buna da bax: Metroda yenidən gediş haqqı arta bilərmi?
O da var ki, pandemiyadan sonra bir çox iş yerində məsafədən işləmək geniş yayılıb. Sərt karantin rejimi arxada qalsa da, bəzi müəssisələr işçilərinə həftənin bəlli günləri evdən işləmək imkanı yaradır. Bu baxımdan, həmin insanların da metro istifadəsi aşağı düşür. Deməli, metropoliten rəsmisi nəzərə almalıdır ki, metroda adambaşına düşən sənrişindaşımanın artmasının səbəblərindən biri də metroda sərnişin sayının pandemiyadan öncə ilə müqayisədə azalmasıdır.
Hökumət zərəri qarşılayır?
Unutmaq olmaz ki, hər il dövlət büdcəsindən Bakı Metropoliteninə vəsait ayrılır. Ayrılan vəsaitin məqsədi məhz metropolitenin xərclərinin qarşılanmasıdır. Dövlət büdcəsinə dair sənədlərdən bəlli olur ki, gələn il “sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə 50 milyon manat subsidiya nəzərdə tutulur”.
Azərbaycanda metro qiymətləri sonuncu dəfə bu il yanvarın 31-də artırılmışdı.
Hökumətin daşıma qiymətlərini artırmaqda əsas məqsədlərindən biri məhz daşıma xərci və gedişhaqqı arasındakı fərqi qapatmaq - metropolitenə ayırdığı vəsaitdən yaxa qurtarmaq istəyidir. Bu baxımdan, bugünlərdə yenidən sərnişindaşımanın maya dəyərinin gedişhaqqından yüksək olması məsələsinin gündəmə gətirilməsini hökumətin gediş haqlarını yenidən qaldırmaqdan ötrü ictimai rəy yaratmaq istəyi ilə əlaqələndirənlər də var. Amma nəzərə almaq lazımdır ki, sərnişindaşımaya dotasiya ayrılması dünyada çox geniş yayılmış praktikadır. Hətta inkişaf etmiş ölkələrdə də şəhərlərin nəqliyyat sistemi həm də büdcə vəsaitləri hesabına qarşılanır. Başqa sözlə, ictimai nəqliyyatın bütün xərclərinin gediş haqları hesabına qarşılanmasını gözləmək doğru deyil.
Üstəlik, hökumətin ayıracağı 50 milyon manat hesabına milyonlarla metro istifadəçisinin xərclərinin artmasının qarşısını almaq mümkündür. Digər tərəfdən, metropoliten sərnişindaşımanın maya dəyərinin 68 qəpik olduğunu desə də, bu rəqəmin hesablanmasında nələri nəzərə aldığını açıqlamır. Müstəqil ekspertlərin fikrincə, Azərbaycanın dövlət qurumlarında hesabatlılıq və şəffaflıq yetərli səviyyədə olmadığından, bu qurumlarda maliyyə itkilərinə yol verilir. Bu üzdən, metropolitenin xərclərini incələməklə, onu səmərəli idarə etməklə maya dəyərini aşağı saılmaq və bu problemi çözmək olar.
Buna da bax: Sərhədlərin bağlı qalmasının xeyri varmı?50 milyon manat böyük vəsaitdirmi?
Deyildiyi kimi, metropolitendə indiki qiymətlərin qalması hökumətə 50 milyon manata başa gələcək. Gələn il Azərbaycanın dövlət büdcəsinin toplam xərclərinin 36.7 milyard manat olması proqnozlaşdırılır. Deməli, metropolitenə nəzərdə tutulan vəsait büdcə xərclərinin 0.2 faizindən də azdır. Eyni zamanda, büdcədən bəzi istiqamətlərə ayrılan məbləğlərlə müqayisədə də bu xərcin çox olmadığı dərhal gözə çarpır.
Məsələn, gələn ilin dövlət büdcəsindən “Şahdağ Turizm Mərkəzi”nə 12.1 milyon manat ayrılacaq, çünki bu turizm obyektinin də gəlirləri onun xərclərindən azdır. Belə olan halda haqlı sual doğur: Hökümət milyonlarla insanın yararlandığı metroda xərclərin gəlirdən çox hissəsini büdcə vəsaiti hesabına qarşılamaqdan rahatsızdırsa, niyə uzun illərdir otel kompleksinin zərərini qarşılamağa sakit yanaşır?
Hər il Azərbaycan büdcəsindən beynəlxalq tədbirlərin, yarışların keçirilməsinə on minyonlarla manat xərclənir. Nəzərə almaq lazımdır ki, belə tədbirlərə ayrılan və vətəndaşların heç də razı qalmadığı məsrəfləri bir qədər azalmaq hesabına Bakı metrosunda xərclərin gedişhaqqından yüksək hissəsini maliyyələşdirmək mümkündür.