Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Vahid Əhmədov

«Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub».

APA-nın xəbərinə görə, bunu martın 30-u Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

İclasda «Azərbaycan Mərkəzi Bankı haqqında», «Müflisləşmə və iflas haqqında», «Banklar haqqında» qanunlara və Mülki, İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi olub.

«Azərbaycanda Auditorlar Palatası var. Amma qanuna dəyişikliklərdə banklarda audit komitələrinin yaradılması ilə bağlı müddəa yaradılıb. Bu nə ilə bağlıdır? Bundan başqa, dəyişikliklərdən birində göstərilir ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını ləğv edə bilməz. Azərbaycanda məhkəmə yüksək instansiyaya malikdir. Amma bu dəyişiklikdən belə çıxır ki, Palata məhkəmədən də yüksək səlahiyyətə malik olacaq», - deyə V.Əhmədov bildirib.

«BANKLARIN KİMƏ MƏXUS OLDUĞUNU BİLİRİK»

Deputat Palatanın yaradıldığı vaxtdan fəaliyyətinə də toxunub:

***Buna da bax-Ekspert: 'Hökumət dolları 2 manat edib, azı, bir il belə saxlamalıdır'

«Palata 1 ildir fəaliyyət göstərir. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlandı… Bankların bağlanması əmanətçilərə ödənişlərin verilməsində problemlərin yaranmasına səbəb oldu... Rüfət müəllim (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı) sizə məktublar göndərmişik. Biz vətəndaşlardan minlərlə məktub almışıq. Mən ayrı-ayrı bank rəhbərləri ilə görüşmüşəm. Onlardan xahiş etmişəm ki, kredit borcu olan insanlarla bağlı razılığa gəlsinlər. Amma bu problem yenə qalmaqdadır. Onsuz da bankların kimə məxsus olduğunu bilirik. Sağlamlaşdırma həyata keçiriləndə, bankları birləşdirmək mümkündür».

Manat

«PUL QITLIĞI YARATMISINIZ»

Deputat qeyd edib ki, ölkədə vaxtıkeçmiş kreditlərin həcmi artaraq 1.5 mlrd. manata çatıb. O, problemli kreditlərin həcminin azalması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib:

***Buna da bax-'Paşa Bank' keçmiş nəqliyyat nazirinin oğlu ilə çəkişir?

«Vaxtıkeçmiş kreditlərin həcmi 1.5 milyard manata çatıb. İndi deyəcəksiniz ki, müəyyən qədər azalma var. Problemli kreditlərdə ona görə azalma var ki, bank sektoru faktiki kredit vermir... Manatın məzənnəsində sabitləşmə gedir, çünki pul qıtlığı yaratmısınız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik. Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir. İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatdırmaq lazımdır. Pulu sıxıb saxlamaqla qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil».

RÜFƏT ASLANLI: «BORCLARI BİRDƏN-BİRƏ BAĞIŞLAMAQ OLMAZ»

İradlara münasibət bildirən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri R.Aslanlı isə öz növbəsində qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: «Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır... Ümumiyyətlə, borcları birdən-birə bağışlamaq olmaz, çünki bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətlər geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40 faizi, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır».