Bəxtiyar Hacıyev: ‘Bu məhkəmədə baş verənlər içki masasında Qurana and içməyə bənzəyir’

Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, indi onunla bağlı cinayət işində zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Muradova (Alovlu) ondan pul tələb edirdi. Onun sözlərinə görə, bu məsələdə də vasitəçi vəkil Sevda Məhərrəmova idi.

“Ülviyyə mənə qarşı şikayətçi olmamaqdan ötrü pul istəyirdi. Bu söhbətdə Sevda xanım vasitəçilik eləyirdi. Bu söhbət alınmadı, Sevda xanım gəlib ona nümayəndəlik eləyir”, - Bəxtiyar Hacıyev yanvarın 19-da öz məhkəməsində belə deyib.

İctimai fəal vurğulayıb ki, məhkəmə prosesinin gedişində vəkil S. Məhərrəmovanın bu məsələ ilə əlaqədar şahid qismində dindirilməsi məsələsini qaldıracaqlar. O, bu üzdən, məhkəmə iclaslarına qatılmamalıdır.

B.Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəməyə Ü.Muradovanın nümayəndəsi qismində qatılan vəkil S.Məhərrəmova pul tələbində vasitəçilik etməsi haqda B.Hacıyevin dediklərinə cavab verməyib.

Ancaq ictimai fəalın vəkilləri B.Hacıyevin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsindən ötrü vəsatət qaldıranda S.Məhərrəmova buna etiraz edib və etirazını belə əsaslandırıb:

“Təqsirləndirilən şəxsə qarşı ittihamlardan biri də qadına zorakılıqla bağlıdır. Şəxsən mən öz həyatıma görə qorxuram”.

Vəkillər isə bildiriblər ki, vəsatət və başqa məsələlərlə bağlı məsləhətləşmə və müzakirələr baxımından ictimai fəalın onların yanında əyləşməsi məqsədəuyğundur.

B.Hacıyev bu haqda danışarkən, Norveçdə terror törədib 77 nəfəri öldürən Anders Breyvikə qarşı məhkəmədəki davranışı xatırladıb:

“Breyvik kimi terrorçuya da vəkilinin yanında əyləşməyə icazə verirlər, mənə yox. Hətta Avropa İttifaqının Bakıdakı səfiri də siyasi məhbuslara qarşı rəftardan, qadın jurnalistlərin əlləri qandallı gətirilib, şüşə arxasına salınmasından şoka düşdüyünü bildirib”.

Buna da bax: Marshall Fondunun Azərbaycan üzrə məsləhətçisi bank hesablarına həbs qoyulduğunu deyir

Məhkəmə vəsatəti təmin eləməyib

B.Hacıyev və müdafiəçiləri onun ev dustaqlığına buraxılmaq, mənbəyi bilinməyən, qanunsuz yolla əldə edilmiş sübutları çıxarmaq və s.-lə bağlı çox sayda vəsatət qaldırsalar da, heç biri təmin olunmayıb.

B.Hacıyevin vəkilləri deyirlər ki, ona qarşı qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar bir anonim elektron məktub əsasında verilib. Amma məktubu göndərənin kimliyi, elektron poçtun kimə məxsus olması və başqa məqamların heç biri araşdırılmayıb:

“İstintaq Daxili İşlər Nazirliyinə sorğu göndərib. Oradan da cavab gəlib ki, “müəyyənləşdirmək mümkün olmadı”. Mənbəyi məlum olmayan bir məktubla da ağır ittihamlar verilib”.

B.Hacıyev özü də sözügedən məktubun məzmununu açıqlayıb:

“Yazıblar ki, Bəxtiyar Hacıyev 200 min manatlıq qrant alıb. Həmin vəsaitlə ölkədə çevriliş hazırlamaq istəyir. Bu necə hökumətdir ki, mən 200 min manata onu devirəcəkdim? Belə bir qondarma, qeyri-peşəkar və qərəzli ittihamla məni həbsdə saxlamağa əsas yoxdur”.

Hakim ictimai fəalın ev dustaqlığına buraxılmaması haqda qərarını əsaslandırarkən bildirib ki, məhkəmədə dindiriləcək xeyli şahid var və B.Hacıyev həbsdən buraxılsa, şahidlərə təsir göstərə bilər.

Məhkəmədə vəsatətlərin müzakirəsi zamanı hakim Əli Məmmədov iki dəfə protokol qaydasında B.Hacıyevə xəbərdarlıq edib. İctimai fəal buna belə reaksiya verib:

“Hər dəfə sözümü kəsirsiniz. Belə çıxır ki, danışmamalıyıq?! Burada baş verənlər bilirsiniz nəyə bənzəyir? İçki masası arxasında “Quran”a and içən adamlar olur, onlar kimi, bir tərəfdən hüquqlarımı pozursunuz, o biri tərəfdən qanuna istinad edirsiniz”.

İctimai fəalın məhkəməsi fevralın 2-də davam edəcək. Növbəti iclasda prokuror B.Hacıyev haqqında ittiham aktında yazılanları açıqlayacaq.

Buna da bax: Azərbaycan hökuməti fəallara, hüquq müdafiəçisinə...təzminat ödəyəcək

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zalların birində onunla bloger Ülviyyə Muradova (Alovlu) arasındakı insidentdən söhbət gedir.

Hazırda B.Hacıyevin məhkəməsində iki nəfər – bloger Ü. Muradova və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

İctimai fəal özünü təqsirli bilmir və bu ittihamların hamısını əsassız sayır. O, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub