Bayden Fələstində idarəetmənin birləşməsini təklif edir

Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) Fələstin rəhbərliyinin Qərb sahili ilə yanaşı Qəzza zolağına da rəhbərlik etməli olduğunu bildirir.

ABŞ lideri Washington Post qəzetində İsrail-Həmas müharibəsi və Rusiyanın Ukraynaya hücumunu əhatə edən məqalə yazıb.

Onun sözlərinə görə, iki dövlətli həll üçün Fələstin torpaqlarının idarəetməsinin birləşməsi lazımdır:

“Sülh üçün səy göstərildiyi bir vaxtda, Qəzza və İordan çayının qərb sahili vahid idarəetmə strukturu altında, dirçəldilmiş Fələstin Muxtariyyəti altında yenidən birləşdirilməlidir, çünki hamımız iki dövlətli həll yolunda çalışırıq...” - ABŞ prezidenti deyib.

AzadlıqRadiosu xatırladır ki, Qəzza zolağı 2006-cı ildə keçirilən seçkilərin ardından Həmas radikalları tərəfindən idarə olunur. Bu qruplaşma ABŞ və Aİ tərəfindən terror təşkilatlarının siyahısına salınıb.

Co Bayden Qəzza zolağında son həftələr baş verən hadisələrə də toxunub:

“Fələstinlilərin Qəzzadan zorla köçürülməsi, yenidən işğal edilməməsi, mühasirə və ya blokadaya məruz qalmaması və ərazilərin kiçildilməsi baş verməməlidir.”

Buna da bax: İsrail-Fələstin mübahisəsi: dövlətçilik, Yerusəlim, qaçqınlar


Bayden məqaləsində Həmas radikalları və Putinin qonşu ölkələrdə demokratiyanı hədəf aldığını da iddia edib. Onun sözlərinə görə, həm Putin, həm də Həmas radikalları regional sabitliyi və inteqrasiyanı dağıtmağa və yaranan qarışıqlıqdan yararlanmağa ümid edirlər.

“ABŞ bunun baş verməsinə öz milli təhlükəsizlik maraqları və bütün dünyanın rifahı naminə imkan verə bilməz və verməyəcək.” - Bayden yazır.