Gənc fəal Bayram Məmmədovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.
Bu haqda gənc fəalın vəkillərindən Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə məhkəmə tarixi elan olunacaq.
Vəkilin qeyd edib ki, istintaqın başa çatması oktyabrın 5-də onlara elan edilib. Vəkillər istintaq materialları ilə tanış olublar.
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Buna da bax: Bayram Məmmədov həbs edilir [video]
Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.
Q.İbrahimovun işi isə artıq məhkəmədədir. O, məhkəmədə ifadəsində də, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.