«Bayram Məmmədov ilə bağlı istintaq başa çatıb. Amma, hələ, ittiham aktı bizə təqdim edilməyib».
Bunu AzadlıqRadiosuna həbsdə olan gənc fəal B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib. Hələ ötən həftə gənc fəalla bağlı istintaqın başa çatdığı bildirilirdi.
Vəkilin deməsinə görə, işin nə zaman məhkəməyə gedəcəyi də, hələ, bəli deyil.
E.Sadıqov B.Məmmədov ilə birgə həbs edilən və hazırda məhkəməsi gedən Qiyas İbrahimovun işinin ayrılmasına da münasibət bildirib: «Burada məqsəd, sadəcə, bu işin heykəlin üstünə şüar yazılması ilə əlaqədar olmasını inkar etməkdir. Hər iki gənci narkotik alverçisi kimi ittiham edirlər».
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.
Q.İbrahimovun işi isə artıq məhkəmədədir. O, məhkəmədəki ifadəsində də məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə həbs edildiyini bildirib.