İyunun 21-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında mövcud ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət və başqa məsələlər müzakirə olunub.
Açıqlamaya görə, Ceyhun Bayramov Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən Azərbaycanın onun “ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyini” bildirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
O, çıxışında “ çoxsaylı insan tələfatı, humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu bildirib. “Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub” - XİN-in məlumatında bildirilir.
Ötən il fevralın 24-də Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb.
Azərbaycan bununla bağlı Qərb ölkələrinin Rusiyaya qarşı genişlətdiyi sanksiyalarına ( 2014-cü ildə Rusiya Ukrayanın Krım bölgəsini ilhaq edəndən sonra ona qarşı sanksiyalar başlamışdı) qoşulmasa da Ukraynaya bir neçə dəfə humanitar yardım etdiyini açıqlayıb.
Bu müharibədə minlərlə mülki insanın, bir neçə yüz min hərbi qulluqçunun həlak olduğu, millyonlala dinc insanın isə öz vətənindən qaçqın düşdüyü bildirilir.