Əliyev rusiyalı nümayəndəyə: 'Azərbaycan heyətinin tərkibi hazırdır'

Görüş

Prezident İlham Əliyev aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi beş prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub: "Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib".

Bayramov Mirzoyanla razılığa gəldi

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.

XİN-dən bildirilib ki, Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkilinə dair razılıq əldə olunub.

Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.