Bir qrup alim Azərbaycanda həbsdə olan Bəhruz Səmədov və digər elm adamlarına dəstək məktubunu imzalayıblar. Onlar Azərbaycan hökumətini akademik azadlıqlara sayqı göstərməyə, tələbələri, tədqiqatçıları və jurnalistləri hədəfə almağı dayandırmağa çağırırlar.
Praqadakı Karlov Universitetinin siyasi elmlər üzrə doktorantı B.Səmədov avqustun 23-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb, dövlətə xəyanətdə ittiham olunub. O, ittihamı qəbul etmir. Məktub müəllifləri onun məhz akademik və jurnalist yazıları ilə Azərbaycandakı rejimi qəzəbləndirdiyini qeyd edirlər.
Səmədovun Karlov Universitetində doktorluq dissertasiyası Azərbaycanda avtoritarizm və siyasi diskurs barədədir. O, Azərbaycanda baş verənlərə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hakimiyyətin siyasətinə tənqidi yanaşması ilə fərqlənib.
Qarabağda qələbədən sonra güclənən təzyiq
127 nəfərin imzaladığı məktubda son illər hökumətin jurnalistlərə, müstəqil fikir sahiblərinə, fəallara təzyiqləri gücləndirdiyi, bunun 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsində qələbədən sonra daha qabarıq göründüyü vurğulanır. Ötən ilin noyabrından, yəni Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra hökumət "AbzasMedia", Kanal13, ToplumTV kimi müstəqil media orqanlarından 10-dan çox jurnalisti saxlayıb.
"2024-cü ilin noyabrında ölkədə keçiriləcək COP29 iqlim konfransı öncəsi rejim tənqidçiləri susdurmaq üçün radikal tədbirlərə əl atır, tələbələri, tədqiqatçıları, sülh fəallarını saxlayır", – məktubda deyilir.
Müəlliflər həmçinin ötən il saxlanmış, bu ilin aprelində ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun, ötən ilin avqustunda İstanbulda saxlanılaraq Bakıya gətirilən iqtisadçı Fazil Qasımovun, bu ilin mayında saxlanılan iqtisadçı Fərid Mehralızadənin, iyulda saxlanılan etnoqraf İqbal Əbilovun adlarını çəkirlər.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını deyir. Ancaq ölkə bir sıra beynəlxalq insan haqları reytinqlərində də aşağı yerləri tutur.