ABŞ Azərbaycanda Bəhruz Səmədovun həbsini 'narahatlıqla izləyir'

Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova avqustun 28-də Ombudsman Aparatının qarşısında etiraz aksiyasını keçirib

28 avqust

Bəhruz Səmədovun nənəsi Ombudsman Aparatında olub

Həbsdə olan politoloq Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova avqustun 28-də Ombudsman Aparatının qarşısında etiraz aksiyasını keçirib. Z.Osmanova Ombudsman Səbinə Əliyeva ilə görüş tələb edib.

O, əlində B. Səmədovun şəklini tutaraq bildirib ki, nəvəsi günahsızdır və heç bir əsas olmadan həbs olunub:

"Bəhruzla mən nə telefonla əlaqə saxlaya bilirəm, nə də mənə onunla görüşməyə icazə verirlər. Heç bir günahı olmayan nəvəm Bəhruz niyə tutulub? Mənə onun günahını desinlər. Məni onunla görüşdürsünlər".

Z.Osmanova qeyd edib ki, nəvəsi sülh istəyən bir gəncdir.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan B. Səmədova kitablar göndərmək istəsə də, buna imkan yaradılmayıb:

"Mənim nəvəmi kitabdan, telefondan, televizordan niyə məhrum ediblər? Tək-tənha saxlayırlar.... Mənə onunla görüş versinlər".

Ombudsman Aparatının əməkdaşları Zibeydə Osmanovanı qəbula dəvət ediblər.

Qəbuldan sonra Z.Osmanova deyib ki, ərizə yazıb, həmin ərizədə də nəvəsinin günahsız olduğunu qeyd edib:

"Mənim Ombudsmandan yeganə xahişim odur ki, həqiqətin yanında olsunlar və mənim nəvəmə yardım etsinlər".

Z.Osmanıvanin dediklərinə, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti və Ombudsman Aparatından ayrıca münasibət öyrənmək mümkün olmayıb.

***

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanda gənc alim, jurnalist və sülh müdafiəçisi Bəhruz Səmədovun həbsini "narahatlıqla izləyir".

"Fikri ifadə etmək azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər buna görə təqibə məruz qalmamalıdır", - ABŞ Dövlət Departamentinin nümayəndəsi "Turan"ın sorğusuna cavabda bildirib.

27 avqust

Bəhruz Səmədovun apellyasiya şikayəti təmin edilməyib

Avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində politoloq Bəhruz Səmədovun həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Bu barədə AzadlıqRadiosuna B.Səmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, B.Səmədov özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyib.

"O, həmçinin qeyd etdi ki, saxlandığı təcridxanada ona kitab verilmir, saxlandığı otaqda isə televizor yoxdur. Bəhruz Səmədovun sözlərinə görə, müəyyən saatlarda əyləşməyə də icazə vermirlər ...", - yaxınları deyiblər.

B.Səmədovun məhkəmədə dediklərinə, hələlik, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Avqustun 23-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs edilən B.Səmədov dövlətə xəyanətdə şübhəli sayılır.

22 avqust

Evində axtarış aparılan gənc politoloqdan iki gündür xəbər yoxdur

Gənc politoloq Bəhruz Səmədov barəsində avqustun 21-dən nə qohumları, nə də dostları məlumat ala bilir.

B.Səmədovun nənəsi Zibeydə Osmanovanın sözlərinə görə, həmin gün saat 16-da B.Səmədov evdən çıxıb, dostu ilə dənizə getmək istəyirlərmiş: "Təxminən 30 dəqiqədən sonra (Bakıda) evə dörd-beş nəfər gəldi. Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim etdilər, dedilər ki, Bəhruzdan narkotiklə bağlı şikayət var".

Nənəsinin sözlərinə görə, B.Səmədovun kompüterini, pasportunu, diplomlarını, tərcümə etdiyi kitabını götürüblər.

Z.Osmanova əlavə edib ki, elə həmin gün Vəfa adlı vəkil ona zəng vuraraq deyib ki, B.Səmədovla bağlı araşdırma gedir: "Dedi ki, deyiblər ki, guya dövlət əleyhinə yazılar yazıb...".

Nənəsinin açıqlamasına, hələlik, DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Eyni zamanda, deyilən vəkilin kimliyini də dəqiqləşdirmək, onun özü ilə danışmaq cəhdləri də nəticə verməyib. Z.Osmanova da bildirib ki, nəvəsi saxlandıqdan sonra evə zəng etməyib.

Bununla belə, ailə yeni vəkil tutub. Amma saxlanıldığı bildirilən B.Səmədovun hüquqlarını müdafiə etmək üçün ailəsinin müqavilə bağladığı vəkil Zibeydə Sadıqova da onunla, hələlik, görüş ala bilmir.

Zibeydə Sadıqova

Vəkil AzadlıqRadiosuna bildirib ki, Səmədovun DTX-nın müvəqqəti saxlanma təcridxanasında saxlandığını düşünürlər.

Lakin vəkilin sözlərinə görə, o, öz vəkillik sənədlərini DTX-ya təqdim etsə də, hələ də B.Səmədovla görüşə bilmir: "Müstəntiq zəng və mesajlara cavab vermir".

Gənc politoloq B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib. B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.

İndi onunla bağlı Azərbaycanda fikirlər birmənalı deyil.

Novella Cəfəroğlu

"Od olmasa, tüstü çıxmaz"

Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu "Turan"a bildirib ki, B.Səmədovun səsləndirdiyi bəzi fikirlərlə razı deyil: "Azərbaycan uzun illərdir işğala məruz qalıb, hələ də torpaqlarımız Ermənistanın basdırdığı minalardan təmizlənməyib. Belə olan halda onun dedikləri ilə heç cür razılaşmaq mümkün deyil".

N.Cəfəroğlu hesab edir ki, B.Səmədovun günahı olmasaydı, onunla heç kimin işi olmazdı: "Deməli, hansısa dəlillər var ki, onu saxlayıblar. Hər halda, araşdırma aparılacaq və istintaq məsələyə aydınlıq gətirəcək. Əminəm ki, od olmasa, tüstü çıxmaz".

Zəfər Əhmədov

"... müharibə əleyhdarı olması ilə bağlıdır"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə bir qədər fərqli düşünür. O, Azadlıq Radiosuna deyib ki, B.Səmədovun nəinki saxlanılmasının detalları, hətta onu hansı qurumun tutub, harada saxladığını belə dəqiqləşdirə bilməyiblər: "Amma aydındır ki, hansısa güc strukturu tərəfindən saxlanılıb və 48 saat müddətində onun yeri da bilinməli idi, vəkillə də təmin olunmalı idi. Artıq burada qanun pozuntusu var".

Məsələnin motivlərinə gəlincə, hüquq müdafiəçisi bunları söyləyib: "Bəhruz Səmədovun tənqidçi fəaliyyəti, əsasən, pasifist yöndə idi. Yəni müharibə əleyhinə idi. Başqa fəaliyyəti haqqında bizim məlumatımız yoxdur. Ola bilsin ki, bu fəaliyyəti çərçivəsində ayrı-ayrı hüquq müdafiəçiləri ilə əlaqə saxlayırdı. Burada da qəribə bir şey yoxdur. Bu onun işidir, peşəsidir".

Z.Əhmədovun sözlərinə görə, son vaxtlar baş verən repressiyaları, həbsləri nəzərə alanda həbslərin motivi ilə səbəbləri fərqli olur: "Ona görə də Bəhruz Səmədov məsələsində dəqiq fikir bildirmək bir az tezdir. Hər bir halda güman var ki, onun saxlanması müharibə əleyhdarı olması ilə bağlıdır. Hələlik, başqa bir məlumatlar yoxdur".