Həbsdə olan politoloq Bəhruz Səmədovun mənzilində axtarış aparılması ilə bağlı şikayəti təmin edilməyib.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 5-də Səbail rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi avqustun 21-də B.Səmədovun Bakıda yaşadığı evində aparılmış axtarış üzrə protokolu qanunsuz saymağı və müsadirə olunmuş əşyaları qaytarmağı xahiş edib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Səmədov avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib. O, ittihamı qəbul etmir.
Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) Səmədovun həbsini pisləyib.
Xatırlatma
B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.
Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib.
B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.