5 məntəqədə nəticələr ləğv edilib

MSK iclası

Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd və 22 saylı Nəsimi-Yasamal seçki dairələrinin bəzi məntəqələrinin nəticələri etibarsız sayılıb.

Bu barədə sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında qərar qəbul olunub.

İclasda 78 saylı Lənkəran kənd seçki dairəsindən namizəd Əzizxan Əzizovun şikayətinə baxılıb. MSK-nın qərarına görə, dairənin yalnız 29 və 32 saylı seçki məntəqələrində pozuntu aşkarlanıb və həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib. Ümumi nəticələrə gəlincə, bildirilib ki, dairədəki 53 seçki məntəqəsindən yalnız ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

MSK-nın açıqlamasına görə, həmin dairədən lider namizəd hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, keçmiş deputat Anar İsgəndərovdur.

İlqar Məmmədovun şikayəti

MSK-nın digər qərarına görə, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç məntəqəsində (2, 14 və 20) qanun pozuntusu qeydə alınıb və həmin məntəqələrdə nəticələr ləğv olunub. Həmin dairədən deputatlığa namizəd, ReAL Partiyasının sədri İlqar Məmmədov şikayətlə MSK-ya müraciət etmişdi. Namizəd seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların təqdim edilmədiyini və digər pozuntuların olduğunu bildirmişdi. O, nəticələrin ləğvini istəyirdi.

Qurumun qərarına görə, dairədəki 38 seçki məntəqəsindən üçünün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Həmin dairədən isə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, keçmiş deputat Asim Mollazadə lider namizəd sayılır.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri ilə bağlı quruma 12 müraciət daxil olub. Xatırladıb ki, MSK-ya müraciətlərin daxil olması müddəti bu gün, sentyabrın 11-i saat 18:00-da başa çatır.

Sizin brauzer HTML5-i dəstəkləmir

MSK kameralarının qeydə aldığı topa bülletenlər

Dörd il əvvəl

MSK bundan əvvəlki parlament seçkilərində dörd dairədə - 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrində pozuntulara yol verildiyini bildirərək onların nəticələrini ləğv etmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bir gün sonra açıqlanan ilkin hesabatında isə vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.