“Beynəlxalq Bank işi”nə görə tutulanlardan daha bir biznesmen azadlığa buraxılıb.
"Report" xəbər verir ki, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov hazırda azadlıqdadır.
Xəbərdə onun həbs müddətinin artırılmadığı, saxlanıldığı Bakı İstintaq Təcridxanası-ndan buraxıldığı bildirilir.
Buna da bax: Cahangir Hacıyevə 15 il həbs verildi
A.Həsənov Beynəlxalq Bankdan kredit götürüb qaytarmamağa görə saxlanmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Beynəlxalq Bank işi üzrə may ayında bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupundan Camal Həsənov, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar.
Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
«Beynəlxalq Bank işi»nə görə tutulanlardan bu bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə hazırda həbsdədir. Ötən il dekabrın 5-də həbs edilən bankir mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 15 il azadlıqdan məhrum edilib.
Cahangir Hacıyev məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib.