Blinken Əliyevə: 'Bunu mümkün qədər tez edin'

Antoni Blinken/İlham Əliyev

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev ilə telefonla danışıb.

Dövlət Departamentinin məlumatına görə, A.Blinken Ermənistanla Azərbaycanın sülh sazişinə doğru davamlı irəliləyişini etiraf edib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrarlayıb: "Dövlət katibi... Azərbaycanla konstruktiv əməkdaşlığın vacibliyini vurğulayaraq ABŞ-nin COP29-un (BMT iqlim konfransı) uğurlu keçməsinə köməklik göstərməyə sadiq olduğunu bildirib. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə sadiq qalmağa və haqsız yerə saxlananların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb".

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər.