Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken aprelin 28-də Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə ayrı-ayrı telefonla danışıb.
Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatlarda Blinkenin telefon söhbətləri zamanı Azərbaycan və Ermənistanın Almatı bəyannaməsinə (1991) əsasən iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsini alqışladığı bildirilir.
Nikol Paşinyana zəng
"Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıb. ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinə doğru irəliləyişə dəstəyini bir daha təsdiqləyib. Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəsinə razılıq verməsini alqışlayır. O, ABŞ-ın Ermənistanın suverenliyini, ərazi bütövlüyünü, həmçinin baş nazir Paşinyanın ölkəsinin firavan, demokratik və müstəqil gələcəyi ilə bağlı baxışını dəstəkləmək üçün davamlı səylər göstərdiyini vurğulayıb".
İlham Əliyevə zəng
"Dövlət katibi prezident Əliyevin keçən həftə Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsini sərhədlərin delimitasiyası üçün əsas kimi götürmək barədə razılığa gəldiyini elan etməsini yüksək qiymətləndirıb. Bunun davamlı, ləyaqətli sülhün bağlanması üçün hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb. O, prezident Əliyevi ermənistanlı həmkarı ilə tempi saxlamağa çağırıb", - Dövlət Departamenti bildirir.
Habelə bildirildiyinə görə, o, Azərbaycanın Qubad İbadoğlunun humanitar jest olaraq ev dustaqlığına buraxılmasını alqışlayıb və onun tezliklə tam azad olunmasına çağırıb: "Dövlət katibi Blinken bir daha Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq təəhhüd və öhdəliklərinə əməl etməyə, Azərbaycanda haqsız yerə həbs olunanları buraxmağa çağırıb".
Buna da bax: Prezident jurnalistlərin həbsini şərh etdi: 'O demək deyil ki, bizdə media azad deyil' [Video]Azərbaycan prezidenti Mətbuat xidmətinin telefon söhbəti ilə bağlı məlumatında isə bildirilir ki, "İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb".
Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olunub. O, ötən il iyulun 23-də həbs edilmişdi. Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Siyasətçi irəli sürülən bütün ittihamları "saxta" adlandırıb
Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib.
Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazı imzalanmayıb.