Blinken Laçın dəhlizinin tezliklə açılmasının vacibliyini vurğulayıb

İ.Əliyev/E.Blinken

Dövlət Departamentinin vebsaytında qurumun sözçüsü Metyu Millerin (Matthew Miller) adından açıqlama yerləşdirilib. Məlumatda deyilir ki, Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulayıb, ABŞ-ın dəstəyinin davam edəcəyini vəd edib. Blinken sülhüm mümkünlüyünə inandığını bildirib.

"O, həmçinin Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmasının sülh prosesinə inamyaratma səylərini sarsıdacağı ilə bağlı ABŞ-ın dərin narahatlığını dilə gətirib, Laçın dəhlizini kommersiya və şəxsi nəqliyyat vasitələri üçün mümkün qədər tez açmağın vacibliyini vurğulayıb", – açıqlamada vurğulanır.

Prezident ABŞ dövlət katibi ilə sülh gündəliyindən danışıb

Aprelin 30-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, telefon danışığında Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib: "ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub".

Açıqlamaya görə, Əliyev deyib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir: "Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar prezident bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib".

Məlumata görə, Azərbaycan prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Daha əvvəl isə ABŞ dövlət katibi Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıb.

Buna da bax: Paşinyan: 'Laçın yoluna yalnız Rusiya nəzarət edə bilər'

ABŞ Dövlət katibilə danışan Paşinyan Azərbaycanı ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb.

Azadtutyun-un Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına istinadə xəbər verir ki, həmsöhbətlər regiondakı hərbi-siyasi və humanitar vəziyyətə toxunublar.

Məlumatda bildirilir ki, Paşinyan ABŞ Dövlət katibi ilə danışan zaman Azərbaycan tərəfini etnik təmizləmədə ittiham edib.

“Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və ermənilərin Dağlıq Qarabağdan tamamilə çıxarılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün təsirli addımların atılmasının vacibliyini vurğulayıb." - açıqlamada deyilir.

Həmçinin vurğulanır ki, telefon söhbəti zamanı yaxın günlərdə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında planlaşdırılan müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.

“Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar. Humanitar xarakterli digər məsələlərə də toxunulub”, - Ermənistan baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.

Ermənistan baş nazirinin yaydığı bu məlumata hələki Azərbaycanın hər hansı reaksiya bəlli deyil.

Buna da bax: Azərbaycan-Ermənistan xarici işlər nazirləri yenidən Vaşinqtonda görüşür

Vaşinqtonda görüş

Mayın əvvəlində Azərbaycanla Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Məlumatı Ermənistanın xarici işlər nazirliyi təsdiqləyib.

Xəbərdə əlavə detallarla bağlı məlumat verilmir, ancaq danışıqların bir-neçə gün davam edə biləcəyi qeyd olunur.

Bundan əvvəl aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda bu addımın atılması "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilir. Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.