BMT Əfqanıstanı idarə edən Talibanın və Birmadakı (Myanma) hərbi xuntanın tanınmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Dekabrın 6-da Baş Assambleyada səsverməsiz, konsensusla qəbul edilmiş qətnamə tanınma qərarını azı 10 aylığa təxirə salır.
Əfqanıstanla Birmanın köhnə və yeni rejimləri BMT-də akkreditə olunmaq üçün ərizələrlə müraciət ediblər.
Buna da bax: Nobel mükafatı laureatının həbsini pisləyirlərƏfqanıstan
Avqustun ortasında Əfqanıstanda hakimiyyətə gəlmiş Talibanı heç bir ölkə, eləcə də BMT tanımayıb. Taliban insan haqları pozuntuları, qadınların təhsil, iş, siyasi və ictimai həyatda iştirak hüquqlarının təmin olunmamasına görə beynəlxalq təzyiqlə üzləşib.
BMT-yə Əfqanıstanın devrilmiş prezidenti Əşrəf Qaninin səfir təyin etdiyi Qulaq İsakzay sentyabrın 14-də qurumda qalmaq üçün ərizə verib.
Taliban isə sentyabrın 20-də BMT-dən xahiş edib ki, qruplaşmanın keçmiş sözçüsü Suhail Şahini ölkənin yeni təmsilçisi kimi qəbul eləsin.
Taliban BMT komitəsini seçdiyi səfiri təsdiqləmədiyinə görə tənqid edib.
“Akkreditə Komitəsi dünən qərar verib ki, indilik Əfqanıstanın BMT-dəki yeri bu ölkənin yeni hökumətinə verilməsin. Bu qərar hüquqi qaydalara və ədalətə əsaslanmır, çünki Əfqanıstan xalqını legitim hüquqlarından məhrum edib”, – Şahin tvitində yazıb.
Buna da bax: 183 milyon nəfərə yardım üçün 41 milyard dollar lazımdırBirma
Birmada fevralın 1-də hərbi çevriliş olub. Ölkənin Xarici işlər naziri Vunna Maunq Lvin avqustun 18-də keçmiş hərbi komandir Aunq Tureyni BMT-yə səfir təyin edib.
Amma keçmiş lider Aunq San Suu Kyinin təyin etdiyi Kyau Moe Tun vəzifəsindən getməyib. O, avqustun 21-də BMT-dən onu akkreditə etməyi xahiş edib.
“AP” BMT-nin adını çəkmədiyi diplomatlarına istinadla yazır ki, Birmanın xunta rejiminin və Talibanın tanınmaması qərarı onların hərəkətlərindən dolayı geniş dəstək qazanıb.