BNA-da həbslər var

Bakı Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub

Bununla bağlı Baş Prokurorluq iyulun 26-da məlumat yayıb.

Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Açıqlamaya görə, Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun bu qurumda məsləhətçisi Hikmət Vəlizadə ilə parklanma sahələrinin təşkil olunması üçün müxtəlif şəxslərdən 16 min 500 manat pulu almasına şübhələr müəyyən edilib:

"Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib."

Amma bu məlumata, hələlik, həns edilən həmin şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

+++


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirir.

Məlumatı AzadlıqRadiosuna Baş Prokurorluğun Mətbuat xidmətindən də təsdiq ediblər.

Baş Prokurorluqdan qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

Amma məsələ ilə bağlı BNA-a ilə ayrıca danışmaq mümkün olmayıb.

BNA 2015-ci il dekabrın 21-də Prezidentin Fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb. Fərman nəqliyyat sahəsində islahatların keçirilməsi ilə əsaslandırılıb. Bir il sonra onun əsasında "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.