Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ilin ilk altı ayında ölkənin qiymətli kağızlar (QK) bazarının statistik təhlilini təqdim edib. Hesabatda korporativ QK bazarının 3 dəfə artdığı qeyd olunur.
Amma nəyin hesabına, bu haqda bir kəlmə də olsun deyilmir. Ekspertlər isə bazarın «şişməsində» Beynəlxalq Bank amilini önə çəkirlər.
Ekspert: “ “Aqrarkredit” QSC AMB-yə istiqraz satıb”
MBNP-nin hesabatında göstərilir ki, bu ilin birinci yarısında yerli bazarda korporativ istiqrazların həcmi 4 milyard 601,5 milyon manat olub. Xarici valyutada isə 17,4 milyon manat yerləşdirilib.
Bakı Fond Birjasının yanvar-iyul ayları üzrə açıqladığı məlumatlarla bu göstəriciləri müqayisə edən ekspertlərin fikrincə, bazarın əhəmiyyətli hissəsi birjadan kənarda cərəyan edir. Bəs korporativ istiqrazların yerləşdirilməsində böyük sıçrayış nəyin hesabınadır ?
Maliyyə bazarları üzrə analitik Cəfər İbrahimli Azadlıq Radiosuna deyib ki, onun təxminlərinə görə, bu, əsasən «Aqrarkredit» Bank Olmayan Kredit Təşkilatının Mərkəzi Banka (AMB) satdığı istiqrazlardır. Həmin istiqrazlar «Aqrarkredit» QSC-nin idarəetməsinə verilmiş «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin zərərli aktivlərinin təminatı kimi illik 3 faiz dərəcəsi ilə buraxılıb.
Hər ikisi susur
Maraqlıdır ki, nə «Aqrarkredit», nə də AMB bu əməliyyatlar haqda açıqlama verib. ABB-nin 2015-ci il üzrə illik hesabatında isə göstərilir ki,«Aqrarkredit» QSC-dən 5 milyard 628,9 milyon manat alacağı var. Elə həmin hesabatda o da yazılıb ki, bu ilin yanvar-fevral aylarında «Aqrarkredit» QSC banka debitor borcların 990 milyon manatını ödəyib.
ABB yarımillik hesabatını açıqlamağı gecikdirir. Qanuna əsasən, onun kimi şirkətlər illik və yarımillik maliyyə hesabatlarını bir neçə mənbə vasitəsilə ictimaiyyətə açıqlamağa borcludur.
Cənub Qaz Dəhlizi bu bazara aid deyilmiş
«Cənub Qaz Dəhlizi» QSC-nin 1 milyard ABŞ dolları həcmində qiymətli kağızlarına gəlincə, onlar xarici bazarlarda yerləşdirildiyinə görə, yerli statistikada əks etdirilmir. Həmin QK-lara görə hökumət 10 il ərzində xarici investorpara illik 7 faiz ödəyəcək.
İpoteka fondu bazardan çəkilib
MBNP-nin hesabatından görünür ki, 2015-ci ilin ilk 6 ayında korporativ QK (səhm və istiqraz) bazarının 71 faizi təkrar bazarının payına düşmüşdü. Bu il isə Azərbaycan İpoteka Fondu istiqraz yerləşdirmədiyindən bazarın bu seqmentində əməlli-başlı durğunluqdur. Nəticədə ABB-nin alacaqlarına görə, buraxılmış borc kağızları sayəsində korporativ istiqraz bazarı 3,5 dəfə irəli gedib.
Səhm bazarı birjanı «tanımır»
Bu ilin 6 ayında səhmlərin yerləşdirilməsindən şirkətlər 335 milyon manatdan çox vəsait əldə ediblər. BFB-nin 7 aylıq hesabatında isə birja vasitəsilə 24,6 milyon manat kapital artımının baş verdiyi göstərilir. Təkrar bazarda da səhmlər əsasən birjadan kənarda dövr etməkdədir. BFB-də təxminən 1,5 milyon , birjadan kənarda isə 230 milyon manatlıq səhm ticarəti aparılıb. Söhbət hansı şirkətlərin səhmlərindən getməsindən isə verilən xəbərlərə görə, həm ictimaiyyət, həm də investorlar kütləsi xəbərsizdir.
Bununla belə, 2015-ci ilin 6 ayı ilə müqayisədə səhm bazarı 66 faiz böyüyüb.