Rusiya yanvarın 26-da bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə sanksiyalar qoyulması “şəxsən onun üçün ağrılı olmasa da, siyasi baxımdan dağıdıcı effekt verərdi”.
ABŞ prezidenti Co Bayden belə bir ehtimalı bir gün əvvəl dilə gətirmiş və demişdi ki, Rusiya Ukraynaya hücum edərsə şəxsən Putinə sanksiyalar məsələsinə baxıla bilər.
Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın ən yüksıək vəzifəli rəsmilərinə qarşı sanksiyalar hazırlayan ABŞ konqresmen və senatorları belə bir faktdan agah deyillər ki, bu şəxslərin xaricdə aktiv, əmlak və bank hesabı saxlaması qanunla qadağandır.
Lakin hələ yanvarın 21-də ABŞ konqresmenləri 35 rusiyalıya, o cümlədən milyarderlərə və onların yaxın qohumlarına sanksiyalar qoyulmasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, sanksiya siyahısındakı adlar Aleksey Navalnının komandası tərəfindən tərtib olunmuş və The Washington Post qəzetində dərc edilmiş siyahı ilə eyniyyət təşkil edir.
Putinə “çox yaxın” olanlara
“Putinin məsuliyyəti haqqında Qanun” adlanan qanunvericilik layihəsi “Respublikaçı Təhqiqat Komitəsinin” 150 mühafizəkar millət vəkili tərəfindən hazırlanıb.
Layihənin rəsmi müəllifi konresmen Cim Benksdir. Sənəd artıq onun 30 həmkarı tərəfindən dəstəklənib.
Bundan başqa konqresmenlər ABŞ prezidentinin komandasının qanun qüvvəyə mindikdən sonra keçən 6 ay müddətində Vladimir Putinin, onun ailəsinin, hətta adı Putinlə çəkilən gimnast Alina Kabayevanın şəxsi sərvət və gəlir mənbələri barədə məlumatları dərc etməsini istəyirlər.
Britaniya və ABŞ Putinə sanksiyaları istisna etmirlər
Britaniya və Birləşmiş Ştatlar xəbərdarlıq ediblər ki, Rusiya Ukraynanı işğal edərsə, Prezident Vladimir Putinə sanksiyalar istisna olunmur.
“Sanksiya rejimini sərtləşdirmək üçün yeni qanunvericilik hazırlayacağıq ki, Rusiyada daha çox şirkəti və şəxsi hədəfə ala bilər. Bunu bir neçə günə hazır edəcəyik”, – Britaniyanın Xarici işlər naziri Liz Truss yanvarın 26-da deyib.
Putinə mümkün sanksiyalara gəlincə, Truss Sky News-a deyib ki, “heç nəyi istisna etmirik”.
Buna da bax: Bayden şəxsən Putinə sanksiya qoya biləcəyini deyirBir gün öncə ABŞ Prezidenti Co Bayden Ukrayna işğal edilərsə, Putinə şəxsi sanksiyaları nəzərdən keçirəcəyini söyləyib. Bu, nadir hallarda səslənən təhdid sayılır.
Bu arada Birləşmiş Ştatlar Kiyevə hərbi avadanlıq göndərir, Qərb liderləri isə Rusiyanı Ukraynaya təcavüzdən çəkindirməyi hədəfləyən addımlar atır.
Buna da bax: Rusiya dezinformasiyası kimin beynini dumanlandırırBayden Ukraynaya ABŞ əsgərləri göndərmək “niyyəti olmadığını” desə də, Moskva hücum əmri verərsə, Rusiyanı sərt sanksiyalarla hədələyib.
Truss yanvarın 26-da Britaniyanın Ukraynaya müdafiə silahları göndərdiyini sözlərinə əlavə edib.
NATO-nun hazırda Estoniya, Litva, Latviya və Polşada çoxmillətli batalyonlarda 4 minədək əsgəri var. Onları tanklar, havadan müdafiə qurğuları, kəşfiyyat sistemləri dəstəkləyir.
Yanvarın 25-də Kiyevə Javelin antitank raketləri, buraxıcılar, digər hərbi texnika göndərilib. Bu, Ukraynanın müdafiəsi üçün ayrılmış 200 milyonluq paketin tərkib hissəsinə daxildir.
“Javelinlər Kiyevdədir! Ümumi çəkisi 80 tona yaxın olan yeni təhlükəsizlik yardımı. Tezliklə böyük quş sürüsünün 4-cü dəstəsini gözləyirik. Strateji tərəfdaşımız sağ olsun”, – Müdafiə naziri Oleksey Reznikov Twitter-də yazıb.
Rusiya böhrana görə NATO və ABŞ-ı ittiham edir, onların “gərginliyi qızışdırdığını” deyir.
Lavrov Dumada danışıb
Yanvarın 26-da Dövlət Dumasında çıxış edən Xarici işlər naziri Sergey Lavrov bir daha Moskvanın təhdidini dilə gətirib. O deyib ki, Qərb tələblərə əməl etməsə, Rusiya “uyğun tədbirlər” görəcək.
“Konstruktiv cavab almasaq, Qərb aqressiv kursunu davam etdirsə, onda Moskva, prezidentimizin dəfələrlə dediyi kimi, müvafiq cavab tədbirləri görəcək”, – Lavrov deputatlara söyləyib.
NATO və Birləşmiş Ştatlar isə Rusiyanın Avropada təhlükəsizliklə bağlı narahatlığına cavab verəcək sənəd hazırlayırlar. NATO-nun Baş katibi Yens Stoltenberq sənədin həftəsonuna yaxın göndəriləcəyini deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sənəddə Rusiya tərəfə aydın şəkildə bildiriləcək ki, NATO və Qərb hökumətləri “əyləşərək silahlara nəzarət, hərbi fəaliyyətlə bağlı şəffaflıq, risklərin azaldılması mexanizmləri və Avropanın təhlükəsizliyinə bağlı əməliyyatları müzakirə etməyə” hazırdırlar, Stoltenberq yanvarın 25-də CNN-ə bildirib.
Lavrovun yanvarın 26-da bildirdiyinə görə, Moskva Ukrayna ilə və özünün təhlükəsizlik tələbləri ilə bağlı danışıqlara Avropa İttifaqı və ATƏT-i qoşmaqla onları çətinləşdirmək istəmir.