Britaniya Rusiyadan qızıl və kömürün idxalına qadağan qoyub.
Bu qadağan avqustun 10-dan qüvvəyə minəcək. Londonun Rusiya neftinə qoyduğu embarqo isə dekabrın 31-dən qüvvədə olacaq.
Britaniyanın hökumət saytında dərc edilmiş xəbərdə deyilir:
"Neftin və neft məhsullarının, kömürün və kömür məhsullarının və qızılın birbaşa və ya dolayısı ilə alınmasına, gətirilməsinə və çatdırılmasına qadağan qoyulur. Eyni zamanda bu mallar üçün texniki dəstəyin, maliyyə və vasitəçilik xidmətlərinin göstərilməsi qadağan edilir”.
Britaniya hökuməti Rusiya ilə bağlı idxal-ixrac əməliyyatlarına bundan əvvəl sanksiyaları iyun ayında elan etmişdi.
O vaxt London Rusiyaya aviasiya yanacağının, neftlə və onun emalı ilə bağlı mal və texnologiyaların satılmasını, habelə Britaniyanın milli valyutası - funt sterlinqi qadağan etmişdi.
Britaniya bundan başqa Rusiya milli media qrupu direktorlar şurasının sədri Alina Kabayevanın, onun nənəsi Anna Zatsepilinanın, Rus Pravoslav kilsəsinin başçısı patriarx Kirilin, Ukraynanın işğal edilmiş Xerson vilayətindən ukraynalı uşaqların zorla aparılmasına görə Rusiyanın uşaq ombudsmeni Mariya Lvova-Belovanın adlarını sanksiya siyahısına daxil etmişdi.
Britaniya hökuməti habelə Rusiyaya maliyyə və brokerlik xidməti göstərilməsini, Rusiyaya Avropa valyutalarının və funt sterlinqin gətirilməsini qadağan etmişdi.
“Putin təcavüzünə qarşı silahlar”
Bu arada Reuters agentliyi yazır ki, Britaniya Ukraynaya artilleriya qurğuları və 1600-dən çox antitank silahları verəcəyini elan edib.
Bu barədə məlumatı Britaniyanın müdafiə naziri Ben Uolles iyulun 21-də verib.
Brirtaniyanın baş naziri Boris Conson ötən ay Ukraynaya əlavə olaraq 1 milyard funt sterlinqlik (1.2 milyard dollar) hərbi yardım veriləcəyini vəd edib.
Beləliklə Britaniyanın Rusiya təcavüzünə qarşı döyüşən Ukraynaya hərbi yardımlarının ümumi məbləği 2.3 milyard funt sterlinqə çatır.
Uollesin bu barədə bəyantında deyilir:
"Beynəlxalq partnyorlarımızla birlikdə biz əmin olmalıyıq ki, Ukraynanın özünü Putinin qanunsuz müdaxiləsindən qoruması üçün bütün alətləri vardır”.
Britaniyanın müdafiə naziri deyib ki, London habelə Ukraynaya antiartilleriya radarları, yüzlərlə dron və 50 minədək sursat verəcək.
Britaniya indiyədək Ukraynaya 7 min antitank silahları, yüzlərlə raket və zirehli texnika verib, Ukrayna hərbçilərinə təlim keçib.