Böyük Britaniyadan bir qrup deputat Azərbaycan hökumətini iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırıblar. London İqtisadi və Siyasi Elmlər Məktəbinin akademiki Q.İbadoğlu hökumətin siyasətini tənqid edən məqalələrdən sonra saxlanılıb. Bu barədə "The Guardian" qəzeti yazır.
Beynəlxalq "Global Witness" qeyri-hökumət təşkilatının prezident İlham Əliyevə göndərdiyi məktubu 25 təşviqat qrupu, Lordlar Palatasının üzvü Alfred Dabs və İcmalar Palatasının səkkiz deputatı imzalayıb. Onlar iqtisadçı alimin qeyd -şərtsiz buraxılmasına çağırırlar. Qəzet yazır ki, alimin vəkillərinə göndərilən məktubda onun məhkəməsinin qeyri-müəyyən vaxtadək təxirə salındığı təsdiqlənir.
"Azərbaycan məhkəmələri bu işi dondurub, istintaq prosesini təxirə salıb və Doktor İbadoğlunu qeyri-müəyyən müddətə girov saxlamağa hazırlaşır. Sizdən onu qeyd-şərtsiz azad etməyə, xaricdə tibbi müalicə almasına icazə verməyə, ailəsi ilə birləşməsinə imkan yaratmağa çağırırıq", – müəlliflər yazırlar.
Bu ilin noyabrında Bakıda BMT-nin COP29 iqlim sammiti keçirilməlidir. Məktubda deyilir ki, Azərbaycan bu konfransı həqiqətən sülh tədbirinə çevirmək istəyirsə, Q.İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməli, ona qarşı bütün ittihamları ləğv etməlidir.
Xatırlatma
Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.
Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.
Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.