Son iki ayda Azərbaycanda büdcə kəsirində artım müşahidə edilib. Büdcə kəsiri yanvar-avqust ayları üzrə 538,7 milyonmanat olub. Sentyabrda isə 738,6 milyon manata çatıb.
Bu haqda Dövlət Statistika Komitəsinin açıqlanmış 9 aylıq hesabatında yazılır.
Hesabata görə, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 788,8 milyon manat olub. Gəlirlərin əvvəlki ilin eyni dövru ilə müqayisədə 30,3 faiz artdığı bildirilir.
Bunun 21,2 faiziəlavə dəyər vergisi (ƏDV), 15,1 faizi hüquqi şəxslərin gəlir vergisi, 6,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,8 faizi aksizlər, 10,8 faizi digər vergilər, 42,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Yanvar - avqustda büdcənin xərcləri 11 milyard 327,5 milyon manat olub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çoxdur.
Büdcə vəsaitlərinin 27,9 faizi iqtisadiyyatın inkişafına, 15,2faizi sosial təminata, 14,1 faizi ümumi dövlət xidmətlərinə, 13,2 faizi isə təhsil və səhiyyəyə xərclənib.
Yanvar - avqustda büdcənin icrasında yaranmış 538,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizini təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatına istinad edən statistika qurumu yanvar-sentyabr aylarında büdcə gəlirlərinin 12 milyard 45,1 milyon manata, xərclərinin isə 12 milyard 783,7 milyon manata çatdığını qeyd edib.
Həmin müddətdə büdcənin icrasında 738,6 milyon manatlıq kəsir yaranıb ki, bu da ÜDM-nin 1,5 faizinə bərabərdir.
Buna da bax: ÜDM azalıb
Xatırlatma
2017-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 7 milyard 722,8 mln. manat, xərcləri isə 8 milyard 193,9 milyon manat olmuşdu. 471,1 milyon manat məbləğində isə büdcə kəsiri (defisit) yaranmışdı.
2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.
2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.
Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 58 dollar civarında satılır.
Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.
Son illər Azərbaycanda maaş ve pensiyaların gecikdirilməsi ilə bağlı tez-tez şikayətlər eşidilir.