2017-ci ilin büdcəsi dəyişdirilir. Maliyyə nazirliyinin deputatlara göndərdiyi təklifdə dövlət büdcənin xərclərini 1 milyard 40 milyon manat - borclanmanın yuxarı həddini 9 dəfə artırmaq nəzərdə tutulur. Hökumətin tənqidçiləri yeni büdcə təkliflərini səmərəsiz idarəetmənin göstərici sayırlar.
Millət vəkili Vahid Əhmədov isə deyir ki, dövlətin problemləri həll etmək üçün başqa yolu yoxdur.
İyunun 30-da parlament dövlət büdcəsinə təklif olunan dəyişikləri müzakirə edəcək. Bu təkliflərdə həmçinin ölkə üzrə ehtiyac meyarının həddinin 9 manat - 105 manatdan 116 manata qaldırılması istənir. Bu meyar əsasən vətəndaşlara ünvanlı sosial yardım təyin edilərkən lazım olur. Bu istiqamətə 32 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur. Maliyyə Nazirliyi həmçinin güzəştli şərtlərlə mənzil əldə edilməsinə əlavə 50 milyon manat, yeni uşaq bağçaları, peşə-ixtisas məktəblərinə 68 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə – fabrik, zavod və digər tikintilərə 191 milyon manat ayrılmasını təklif edir.
Buna da bax: Dövlət büdcəsinə dəyişiklik edilir
Artırılan xərclərin böyük hissəsi SOCAR-a və əmanətlərin sığortalanması fonduna ayrılır. Təklifə görə istehsal etdiyi qazın maya dəyərindən aşağı satdığı üçün zərərlə üzləşən SOCAR-a bu zərərin əvəzinə 250 milyon manat, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün əmanətlərin sığortalanması fonduna isə 546 milyon manat ayrılması nəzərdə tutulur.
Müstəqil iqtisadçılar bu təkliflərin içərisində daha çox borclanma limitinin 9 dəfə artırılıb, 4.5 milyarda çatdırılmasına diqqət çəkirlər. İqtisadçı ekspert Rövşən Ağayev öz Facebook hesabında büdcəyə dəyişiklik təkliflərini belə şərh edir:
Buna da bax: Büdcə icrasında 368 milyon manat kəsir
“Hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiynini verib. Hətta Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifadəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib. Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda sosial sahələrə belə xərclərin şərik çıxması çox qaranlıq gələcək vəd edir".
Elə iyunun 22-də milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsində də bu məsələlər qaldırılıb. Bu haqda AzadlıqRadiosu-na danışan millət vəkili Vahid Əhmədov düşünür ki, ekspertlər öz iradlarında haqlıdırlar. Amma problemləri həll etmək üçün dövlətin başqa yolu yoxdur:
Buna da bax: Büdcənin gəliri, xərcləri və dövlətin borcu artırılır
“Biz əmanətlərin sığortalanması fonduna 550 milyon niyə verməliyik? Vaxtında banklara nəzarət ciddi olmayıb, istədiklərini ediblər. Bütün bu problemləri necə həll etmək olar, indi də qalmışıq pis vəziyyətdə. Cənab prezident də əsasən bu sahələrə vəsaiti ayırır ki, insanlar əziyyət çəkməsin”.
Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırmaqdan ötrü bankın 2 milyard 383,4 milyon dollar xarici borcu dövlətin üzərinə keçirilir. 2017-ci ilin büdcəsində bu borcların ödənilməsi məqsədilə avrobondların emissiyası keçiriləcək. 2017-ci ilin dövlət büdcəsi haqda qanuna dəyişiklərdə xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılması təklif olunur.
Buna da bax: İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, bütün bu addımlar yalnız durumun daha da gərginləşməsinin qarşısını ala bilər:
“Əmanətlərin sığortalanması Fondunun, Beynəlxalq bank oğurluq, mənimsəmə və korrupsiya nəticəsində bu duruma gəlib, çıxıb. İndi isə dövlət büdcəsi hesabına bu qurumları xilas etmək istəyirlər. Kim hesabına bunu edirlər vətəndaşların. Amma düşünürəm ki, doğru edirlər. Çünki indi bu addımlar atılması maliyyə sisteminin durumu daha da pisləşəcək”.
Əkrəm Həsənov düşünür ki, Beynəlxalq bankın sağlamlaşdırılması bank sisteminə etibarın daha da azalmasının qarşısını ala bilər.
Buna da bax: Bank əmanətləri bir ayda 190 milyon azalıb
Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, banklara nə dərəcədə etibar edirsiniz?
Sizin brauzer HTML5-i dəstəkləmir
Siz də bu sualı şərhlər bölümündə cavablaya bilərsiniz.
İyunun 22-də Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsinin gəlirlərinin də 500 milyon manat artırılması nəzərdə tutulur. Bu artım da özəlliklə, vergilər nazirliyindən, dövlət Gömrük Komitəsindən və büdcədənkənar gəlirlərdən formalaşıb.