Azərbaycanın rayonlarında son günlər əhali əvvəlki illərdə təsadüf edilməyən tərzdə un tədarükü görməyə başlayıb. Unun yaxın vaxtlarda yenidən bahalaşacağını deyən bir çox insanlar qışa indidən tədarük görürlər. (bu ilin əvvəlində 30 faizdən çox bahalaşıb) Satış məntəqələrində birdən 7-8 kisə un alanların olduğu da deyilir. Hətta bir çox rayonlarda bəzi satış məntəqələrində unun artıq satışının dayandırıldığı ilə bağlı şikayətlər də eşidilir. Verilən məlumatlarda o da qeyd edilir ki, un satılan bəzi mağazaların önündə isə artıq uzun növbələr yaranıb.
"Bəzi mağazalarda un satışı dayandırılıb"
Mingəçevir şəhərində yaşayan Sənan Əliyev (adı şərtidir) də AzadlıqRadiosuna bildirib ki, artıq bir neçə gündür bəzi mağazalarda un satışı dayandırılıb: "İri dükanlarda un yoxdur. Hamı yaxın günlərdə unun bahalaşacağını deyir. İndi bazarda 50 kiloqramlıq unun kisəsi 42 manatdan təklif edilir".
Son günlərə qədər Azərbaycanda 50 kiloqramlıq un, markasından asılı olaraq, 38-42 manata satılıb. Amma un satış məntəqələrinin bir çoxundan AzadlıqRadiosuna deyiblər ki, son günlər qiymət artımı olmayıb.
Rəsmi statistikaya görə, Azərbaycanın illik çörəklik buğda tələbatı 3.5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbatın 40 faizi idxal hesabına ödənilir. 2021-ci ildə Azərbaycanın özündə isə 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1.9 milyon ton olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Qiymətlər son dönəmlərdə dəyişməyib"
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, Rusiya, Qazaxıstan və Ukraynadan idxal olunan buğdanın bir tonun qiyməti ölkəyə 550-600 manata başa gəlir: "Bu qiymətlər son dönəmlərdə dəyişməyib".
Qurumdan qeyd olunub ki, ölkədə un dəyirmanlarının tələbatdan iki dəfə çox buğda rezervləri var: "Bu sahədə risklərin qarşısının alınması üçün cənab prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq fərman imzalanıb. Sənədə əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də "Turan"a deyib ki, hazırda unun qiymətində artım hiss olunmur: "Əvvəllər Rusiya-Ukrayna müharibəsi başlanması dövründə un məhsullarının qiymətində müəyyən artım oldu. Ancaq son dövrdə artıq bu yoxdur".
"Proqnozlar göstərir ki…"
Deputat qeyd edib ki, dünya bazarlarında taxılın, un məmulatlarının qiyməti artırsa, Azərbaycana da bu, istər-istəməz öz təsirini göstərməlidir: "Ancaq proqnozlar göstərir ki, bu artım yaxın vaxtlarda mümkün olmayacaq. Ölkə rəhbəri də son çıxışlarında bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi, hansı yollarla olur olsun, təmin olunmalıdır".
Komitə sədri xatırladıb ki, Azərbaycan Rusiya və Ukraynadan buğda, un idxal edir: "Son vaxtlar bu iki ölkə arasında buğda məsələsində danışıqlar gedir, limanlarda taxıl məhsulunun müqavilələr əsasında ölkələrə ixrac olunması prosesi gündən-günə sürətlənir. Hesab edirəm ki, öz taxıllarımızı gətirə biləcəyik. Alternativ yollar da axtarılır, Qazaxıstanla müəyyən müqavilələr imzalanıb və çətinlik olarsa, digər ölkələrlə də müqavilələr imzalana bilər. Belə olan halda, problem gözlənilmir".
Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edərək bəzi ərazilərini işğal edib. Bu da Ukraynadan taxıl ixracını xeyli çətinləşdirib.
"Gözləntilər odur ki, un daha da bahalaşacaq"
İqtisadçı, işadamı Nazim Bəydəmirlinin isə AzadlıqRadiosuna bildirməsinə görə, illər boyu Azərbaycanda monopoliya ona gətirib çıxardıb ki, ölkə Rusiyadan asılı vəziyyətə düşüb. Onun sözlərinə görə, Azərbaycanda bahalaşmanın olmaması üçün dövlətin əlində kifayət qədər resurs var: "Bunun üçün rüsumların və vergilərin tənzimlənməsi həyata keçirilməlidir. Amma biz bunu heç vaxt görməmişik".
O qeyd edib ki, hazırda bir çox satış məntəqələrində un olsa da, onu satmırlar: "Görünür, gözləntilər odur ki, un daha da bahalaşacaq, çünki bölgədəki problemlər həll olunmayıb, Rusiyanın Ukraynaya qarşı işğal təcavüzü aradan qalxmayıb. Eyni zamanda, yerlibazlıq və qohumbazlığın yarandığı dövlətin aidiyyəti qurumları idarəetmənin xərclərini artıraraq süni qiymət artımı yaradırlar".
"Əsas problem monopoliyadır"
N.Bəydəmirlinin sözlərinə görə, əsas problem monopoliyadır: "Ölkədə un istehsalı bir neçə şirkətə məxsusdur. Azərbaycanda bölgələrdə un istehsalı üçün infrastruktur, kiçik dəyirmanlar yoxdur. Məsələn, Gədəbəy fermerləri taxılı Gəncəyə satmalıdır, dəyirman olmadığına görə özləri un istehsal edə bilmir".
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadçı deyir ki, un istehsal edən qonşu ölkələrdə sentyabr-dekabr aylarında adətən buğdanın qiyməti sabitləşir və enməyə meyli olur: "Ancaq Rusiyanın Mərkəzi Bankı kağız üzərində dollar kursunu müəyyən edir və bu kurs həqiqətəuyğun deyil. Bu səbəbdən Azərbaycan sahibkarlarının və şirkətlərinin Rusiya tərəfdaşları ilə müqavilələri rus rublu ilə olduğuna görə qiymətlər dollar nisbətində bahalaşır".