'50 mindən çox şagirdin 300 bal toplaya bilməməsi…'

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı. 2023

Bu il orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər.

Buraxılış imtahanları martın 5-də, 12-də (onun nəticələri hələ açıqlanmayıb) və aprelin 2-də oldu. (Ötən ildən qalanlar və bu il üzrlü səbəbdən əvvəlki imtahanlara qatıla bilməyənlər)

Bir çox valideyn və şagirdlər şikayətlənir ki, bəzi suallar məktəb proqramına aid deyildi. İddialara görə, məqsəd şagirdlərin çox bal toplamasına imkan verməmək olub.

"Elə bil, məqsəd biliklərimizi yoxlamaq deyil…"

11-ci sinif şagirdi Sona Abdullayeva (adı və soyadı şərtidir) AzadlıqRadiosuna bildirib ki, buraxılış imtahanında Azərbaycan dili üzrə suallar xüsusilə çətin idi: "Sualları oxuyub başa düşə bilmirdim, halbuki doğma dilimdir. "Abituriyent" jurnalında verilən proqram üzrə neçə vaxtdır imtahana hazırlaşırdım. Suallar çox dolaşıq idi, elə bil, məqsəd biliklərimizi yoxlamaq deyil, imtahanımızı çətinləşdirmək idi".

Abdullayevanın sözlərinə görə, onunla bir yerdə oxuyan şagirdlərin çoxu aşağı bal toplayıb: "O da məhz sualların daha çətin və dolaşıq olmasından oldu. İndi universitetə qəbul işimiz çətinləşəcək. Suallar gərək aydın və dəqiq olsun ki, şagirdlər bir sual üstündə 10 dəqiqə vaxt itirməsinlər. Yoxsa həyəcanlanırsan, bildiyin də yadından çıxır".

DİM

"Onlayn apellyasiya təşkil ediləcək"

Dövlət İmtahan Mərkəzindən (DİM) "Turan"a bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün aprelin 26-dan onlayn apellyasiya prosesi təşkil ediləcək: "12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti 7-10 günə elan olunması nəzərdə tutulur".

Şikayətlərə gəlincə isə, 5 mart imtahanında istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanlarda istifadə etməmək qərara alınıb: "İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil".

Buna da bax: Məktəb üzü görməyən uşaqlar...

Qurumdan əlavə edilib ki, bu yaxınlarda son dörd ilin göstəriciləri ictimaiyyətə təqdim olunub: "Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq".

"Pisləşməyə doğru…"

Təhsil eksperti Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, bu il imtahanın nəticələri aşağıdır: "5 martda keçirilən imtahanda 50 min 800-ə yaxın insan iştirak edib və onların arasında cəmi 1 nəfər 297 bal toplayıb. Yəni, 50 mindən çox şagirddən heç birinin 300 bal toplaya bilməməsi artıq bu imtahanların nə qədər çətin olduğundan xəbər verir".

K.Əsədov

Amma ekspertin fikrincə, bu, süni şəkildə çətinləşdirmə deyil: "DİM-ın istər martda, istərsə də apreldə keçirdiyi imtahanda test tapşırıqları Elm və Təhsil Nazirliyinin təsdiq olunmuş təhsil proqramı və dərsliklərə uyğundur. Lakin etiraf edək ki, son iki il ərzində Azərbaycan orta məktəblərində, Azərbaycan təhsilində vəziyyət pisləşməyə doğru gedir".

"Bu il daha aşağı ballarla qəbulun şahidi olacağıq"

Bununla belə, onun da deməsinə görə, martın 5-də keçirilən imtahanda riyaziyyat üzrə bir test tapşırığının məzmunu buraxılış imtahanın məzmununa uyğun deyildi: "Yəni, sual çətindir, daha çox vaxt tələb edir və biz bunu qüsurlu test adlandırdıq... Üç saata imtahan iştirakçıları 85 test tapşırığına cavab verməlidir. Yəni, bir suala maksimum 2 dəqiqə vaxt ayırmaq olur, amma həmin riyaziyyatdakı suala şagirdlər 25-30 dəqiqə vaxt ayırıblar. Bu, onların vaxt itkisinə, psixoloji gərginliyinə gətirib çıxarıb".

Buna da bax: 'Ölü' ixtisaslar üzrə hazırlanan kadrlar...

Əsədov hesab edir ki, balların aşağı düşməsi heç nəyi dəyişməyəcək: "Bu il ali təhsil müəssisələrinə qəbul planı yeri 50 mindən 60 minə qaldırılır. Müsabiqə şərtləri isə dəyişməyib. Biz keçən illərdə görürdük ki, hətta 198 balla Dillər Universitetinə qəbul olmaq mümkün idisə, indi bu, 150 balla mümkün olacaq. Yəni, biz bu il daha aşağı ballarla dövlət universitetlərinə qəbulun şahidi olacağıq. Bu da təhsilin keyfiyyətinin düşməsinin nəticəsidir".

Son illər Azərbaycanda ali məktəblərə qəbulda həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının balları toplanır. Ona görə də son illər buraxılış imtahanlarına daha ciddi önəm verilir.