Milli Məclisin üzvü Cavanşir Feyziyevlə ictimai-siyasi fəallar, jurnalistlər arasında aylar öncə başlanmış qalmaqal xeyli vaxtdır məhkəmə müstəvisinə çıxıb. Məhkəmələr deputatın cəzalandırılması tələbiylə qaldırılan iddialara baxmaqdan boyun qaçırır, qarşı tərəf də həmin qərarlardan yuxarı instansiya məhkəmələrinə şikayət edir. Söhbət Londonda bankda Feyziyevlər ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin üzərinə həbs qoyulandan sonra Azərbaycanda bu barədə yazan jurnalistlərin, ictimai-siyasi fəalların ünvanına səslənən fikirlərə görə başlanan məhkəmə çəkişmələrindən gedir.
Buna da bax: Cavanşir Feyziyevin ailəsinin milyonları müsadirə olunub"Reaksiya TV" internet kanalının rəhbəri Zaur Qəriboğlu da deputatın böhtana görə qanunda nəzərdə tutulmuş ən ağır cəzaya (3 ilədək həbsə) çatdırılmasını tələb edənlərdən biridir. Nəsimi rayon Məhkəməsi onun Feyziyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxmaqdan imtina edərək deputat toxunulmazlığını əsas göstərib. Qərarda o da yazılıb ki, "Cavanşir Feyziyev" səhifəsində yazılanların məhz deputata aid olması haqda sübut yoxdur.
"Sübut etdi ki, özünə məxsusdur"
İmtina qərarından verilən şikayətə bugünlərdə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bu məhkəmə də qərarı qüvvədə saxlayıb.
Buna da bax: Deputat Cavanşir Feyziyev: 'Baş nazirin birinci müavininin 7 min dolları olmayacaq?'Narazı qalan jurnalist deyir ki, toxunulmazlıq statusu var deyə, deputat istədiyi hərəkəti edə, başqasının hüquqlarını poza bilməz. Qanunu pozursa, cinayət törədirsə, deputat da məsuliyyətə cəlb edilməlidir: "Konstitusiyanın 91-ci maddəsinə görə, deputatlar Milli Məclisdəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb edilə bilməz. Cavanşir Feyziyevin yazdıqları Milli Məclisdəki fəaliyyəti ilə bağlı olmadığından bu norma hazırkı işdə tətbiq edilə bilməz. Həmin yazının məhz Cavanşir Feyziyevin özü tərəfindən yayımlanmasının sübutunun olmaması haqda arqument də əsassızdır. Məhkəmədə nümayəndəsi dedi ki, "Cavanşir Feyziyev həmin yazını tək Zaur Qəriboğlu barəsində deyil, ümumi fikir kimi ifadə etmişdir". Sübut etdi ki, özünə məxsusdur".
İctimai fəal Bəxtiyar Hacıyevin də deputata qarşı şikayətini məhkəmə icraata götürməkdən imtina edib.
"Cavanşir Feyziyev" səhifəsində jurnalistlər, ictimai-siyasi fəallar haqqında sərt fikirlərin yer aldığı paylaşımdan bir neçə gün sonra deputat Feyziyev açıqlama yayaraq əvvəlki statusunda duyğularını cilovlamadığını etiraf etmişdi.