Ötən il noyabrın 24-də Almaniyadan Azərbaycana readmissiya ilə göndərilən keçmiş mühacir Cəfər Mirzəyevin saxlandığı deyilir.
Bu barədə onun qardaşı Vüsal Mirzəyev yanvarın 28-də məlumat verib. Onun sözlərinə görə, C.Mirzəyevi yanvarın 27-də günorta saatlarında Ramana qəsəbəsində dükanda alış-veriş edərkən mülkigeyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar: "Onun hara aparıldığı məlum deyildi. Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurmuşuq. Bu gün, yanvarın 28-də məlum olub ki, Sabunçu Rayon Polis İdarəsindədir. Gəlmişik bura, amma müstəntiqlə əlaqə saxlaya bilmirik deyə, saxlanma səbəbini öyrənə bilmirik".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Son illər Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissiya sazişinə əsasən, yüzlərlə mühacir Almaniyadan Azərbaycana qaytarılıb. Bundan əvvəl ötən il qaytarılanlardan iki nəfərin də narkotik ittihamı ilə saxlandığı açıqlanmışdı. Yaxınları onların şərləndiklərini desələr də, hüquq-mühafizə orqanları bununla razılaşmırdılar.
Readmissiya- ölkəsindən hansısa bir səbəblə bağlı digər ölkəyə gedən, amma orada leqallaşa bilməyən şəxslərin öz ölkəsinə geri qaytarılmasıdır.