Arakel Martikyan: Cermukda itirilən mövqelər taktiki yox, strateji baxımdan önəmlidir

Arakel Martikyan 29 sentyabr 2022

AzadlıqRadiosunun erməni xidməti yazır ki, "iki həftə sonra Azərbaycan bölmələrinin Cermukdan geri çəkildimi və ya qovuldumu-sualına Ermənistan Müdafiə Nazirliyinin sözçüsü birbaşa cavab verməsə də, deyib vəziyyət dəyişərsə, bu barədə məlumat verəcəklər.

Radio yazır ki, bu arada Cermuk sakinləri bildiriblər ki, azərbaycanlılar nəinki getməyib, əksinə mövqelərini möhkəmləndirirlər. Şirak Buniatyanın sözlərinə görə, azərbaycanlıları şəhərdən adi gözlə görmək olur.

“Cermukun bir az yuxarısında dayandığınız zaman onları görə bilərsiniz, onlar mühəndis işləri ilə fəal məşğul olurlar. Hətta işləyən traktorları da gördük. Hərbi bilgim yoxdur, onların mühasirəyə alıb-almadığını deyə bilmərəm, amma adamların onların olduğu yerdən gəlib-getdiyini gördüm... Bunu mühasirə hesab etmək olarsa, mən belə bir mühitin nə olduğunu bilmirəm”, - Buniatyan bildirib.

Buna da bax: Keçmiş həmsədr: 'Ümid edirəm ki, Əliyev..'

Yazıda qeyd olunur ki, Cermuk istiqamətində irəliləyən 10-12 nəfərlik azərbaycanlı qruplaşma barədə daha əvvəl Baş Qərargah rəisi Eduard Asryan məlumat verib. O, hərbçilərin təpənin üstündə yerləşdiyini göstərərək əlavə edib ki, dəstəyə su və yemək verilməsə, bir neçə günə ehtiyatları tükənəcək və onlar oranı tərk etməli olacaqlar.

“Qrup cinahlardan bölmələrimiz tərəfindən mühasirəyə alınıb, yəni taktiki vəziyyəti stabil qiymətləndirirəm, bizim məharətli hərəkətlərimiz nəticəsində bu dəstə oradan ayrılacaq”, - deyə o bildirib.

O da qeyd olunur ki, hökumətin son iclasında baş nazir Nikol Paşinyan yerini dəqiqləşdirmədən bildirib ki, iki gün əvvəl Azərbaycan tərəfi Ermənistan ərazisindən mühəndis işləri aparan erməni bölməsi istiqamətində zərbələr endirib. O, Cermuku nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib.

Buna da bax: Əliyev Ermənistan ərazisinə girilməsi barədə deyilənləri əsassız sayır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli nümayəndəsi isə Cermukda itirilən mövqelərin az taktiki əhəmiyyət daşıdığını iddia edib, digər tərəfdən isə etiraf edib ki, Azərbaycan tərəfi həmin mövqelərdən erməni yaşayış məntəqələrini izləyir.

“Son hallara gəlincə, Cermuk bölgəsində ən böyük ərazi itkilərimiz oldu. Deməzdim ki, onların burada ciddi ərazi irəliləyişi var. Onlar bir neçə döyüş mövqeyini ələ keçirə bildilər, lakin bu döyüş mövqeləri taktiki baxımdan o qədər də vacib deyil. Strateji nöqteyi-nəzərdən onlar vacibdir, çünki onlar bilavasitə bizim yaşayış məntəqələrimizin üstündədir”, - deyə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan bildirib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'

Lakin o, 13 sentyabr sərhəd toqquşmasından sonra Ermənistanın neçə mövqe itirdiyini dəqiqləşdirməyib.

Martikyan həmçinin Azərbaycan tərəfindən atılan mərmilərin təmizlənməsi ilə bağlı məsələlərdən danışıb. O həmin mərmilərin yaşayış məntəqələrindən uzaq olduğunu deyib:

“Bəzi ərazilərdə hələ də mərmilər var, onlar yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün yaxın iki gün ərzində yerindəcə məhv ediləcək”-Martikyan bildirib.

Yazıda o da iddia olunur ki, bir il əvvəl əgər 41 kvadrat kilometr ərazi Azərbaycanın nəzarətinə keçibsə son hadisələrdə bunun üzərinə daha 10 kvadrat kilomet əlavə olub.

Buna da bax: ABŞ ayın sonuna kimi nazirlərin  yenidən görüşməsini istəyir

Azərbaycan prezidenti İlham Əliyev isə Laçına səfəri zamanı Azərbaycan ordusunun Ermənistan ərazilərinə girməsi ilə bağlı qarşı tərəfin iddialarını əsassız adlandırıb.

“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur,” - deyən Əliyev əlavə edib ki, “əgər sərhəd onların dediyi yerdədidisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Prezidentin sözlərinə görə, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. O, Azərbaycanın müzakirələrə hazır olduğunu, delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

Sentyabrın 12-13-də Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla Azərbaycan arasında silahlı toqquşma olub. Azərbaycan 77 əsgərin həlak olduğunu bildirb və onların siyahısını açıqlayıb. Bundan başqa rəsmi məlumatlarda 282 hərbçinin və iki mülki şəxsin yaralandığı qeyd olunub. Ermənistan tərəfi isə azı 207 hərbçi itirdiyini açıqlayıb. Amma Yerevan həmin hərbçilərin adbad siyahısını açıqlamayıb.

Buna da bax: Levon Ter-Petrosyan: 'Paşinyan yox, Ermənistan təslim olub'

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sözü gedən dəhliz Laçın şəhərindən keçdiyinə görə, 2 il əvvəl rayon Azərbaycana təhvil verilsə də, şəhərə yaxın günlərə qədər Rusiya silahlı qüvvələri nəzərət edib.

Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yolu sentyabrın əvvəllərində başa çatdırıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda valideynlər oğullarının meyitini özləri tapıb basdırır