Sentyabrın 5-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, C.Bayramov bu il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə toxunub.
Açıqlamaya görə, o, görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib: "Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib".
Ötən ilin dekabrından bəri Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının Prezidenti Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə dörd görüşü olub. Sonuncu belə görüş bir həftə öncə gerçəkləşib. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinə aid məsələləri müzakirə ediblər.
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olurdu.