Nazirlər Əfqanıstandan danışıblar

C.Bayramov və M.Çavuşoğlu

Bu gün, avqustun 16-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar: "Telefon danışığı zamanı tərəflər həmçinin Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər".

Azərbaycanın Müdafiə Nazirliyi də avqustun 15-də Əfqanıstandakı sülhməramlı hərbçiləri ilə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd edilirdi ki, Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir: "Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir".

Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Xatırlatma

Dünən, avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilin "Taliban" silahlılarının nəzarətinə keçdiyi açıqlanıb. Daha sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin də ölkəni tərk etdiyi barədə məlumatlar yayılıb.