Rusiyanın gənclərdən ibarət hokkey komandası şənbə günü bu yaş qrupu üzrə dünya çempionatının keçirildiyi Kanadanın Kalqari şəhərindən Avropaya uça bilməyib.
Səbəb kimi komanda üzvlərinin pandemiya qaydalarını pozması göstərilir. Qeyd olunur ki, təyyarəyə minərkən maska taxma qaydalarını pozduqları və siqaret çəkdikləri üçün məşqçi və oyunçuların uçuşuna qadağa qoyulub.
Belə bir qadağa Rusiya komandası ilə birlikdə Çexiya millisinə də tətbiq edilib.
Rusiya yığmasının baş məşqçisi Sergey Zubov “Match TV”yə şərhində bildirib ki, bu, hər iki komandanın bəzi idmançılarının maskanı düzgün taxmaması səbəbindən baş verib.
Çexiyanın gənclərdən ibarət milli komandasının meneceri Otakar Çerni isə vəziyyətin rusiyalı hokkeyçilərin davranışı səbəbindən yarandığını bildirib.
Menecerə istinadla Sport.cz xəbər verir ki, idmançılar həddindən artıq spirtli içki qəbul edib və gigiyena qaydalarına əməl etməyiblər.
O iddia edib ki, Rusiya nümayəndə heyətinin üzvlərindən biri hava limanından təyyarəyə gedərkən minik qolunda siqaret çəkib.
Onun sözlərinə görə, çexlər ekipajın onları ruslardan ayıra bilməməsi səbəbindən uzaqlaşdırılıb.
Rusiyalı idman jurnalisti Pavel Lısenkov isə çexlərin sərxoş olduğunu bildirib. Siqaret çəkənin kimliyinə gəlincə, jurnalist teleqram kanalında deyib o, rusların baş məşqçisi Sergey Zubov olub.
Bu iddianı Rusiyanın “İzvestiya” qəzetinin anonim mənbəsi də səsləndirib. Baş məşqçi isə 3 il əvvəl siqareti atdığını deyib.
Məlumata görə, Rusiya komandası növbəti reyslə, çexlər isə bir gün sonra yola düşə biliblər.
Oyunçular və məşqçilər arasında koronavirus infeksiyasının omikron ştammının tapılması səbəbindən Beynəlxalq Xokkey Federasiyası dekabrın 26-da Kanadada start götürən dünya çempionatının ləğv edilməsi haqqında qərar qəbul edib.