COP29-un ev sahibi Azərbaycana uzaq Tonqa adasından sərt tənqid dolu məktub

COP29-un prezidenti Muxtar Babayev Tonqada: "Gözəl Tonqa adasında sunami və iqlim dəyişikliyinin təsirlərini görmək dəhşətlidir".

Sakit Okean Hövsəzi İqliminin Müdafiəçiləri hərəkatının üzvü və 350.org İqlim Hərəkatının Sakit Okean hövzəsi üzrə direktoru Cozef Zeyn Sikulu (Joseph Zane Sikulu) BMT-nin Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının rəhbəri Muxtar Babayevə açıq məktub yazıb.

Əslən tonqalı olduğunu vurğulayan ekspert qeyd edir ki, Muxtar Babayev onun vətənində - Tonqa adalarında olub:

“Siz ötən həftə mənim vətənim olan adaya baş çəkmisiniz və nümayəndə heyətiniz orada leysan yağışlarının və zəlzələnin şahidi olub. Siz xalqımızın fəlakətlər qarşısında nə qədər kövrək olduğunu və fəlakətlərə necə bir şəkildə hazır olmalı olduğunu görmüsünüz”.

Məktubda bu da qeyd olunur ki, Babayev Tonqada BMT baş katibi ilə də görüşüb və COP29 ərəfəsində Sakit okean adalarının harayını “daha ucaldacağını” vəd edib.

Lakin Sikulu yazır ki, haray ucaldılmasının vaxtı artıq keçib:

“Bizə hərəkət lazımdır. Qazıntı yanacağı bu böhranın kökündə dayanır, bizim adalarımızı hədələyir. Biz mübarizə aparır və sizdən də eyni hərəkəti gözləyirik. Sakit okean hövzəsi iqlim böhranı üçün ən az məsuliyyət daşıyan yerdir. Buna baxmayaraq ən ağır mübarizəni biz aparırıq. Sakit okeanın ada ölkələri 2050-ci ilədək 100 faiz bərpa olunan enerjini hədəf ediblər. Bərpa olunan enerjiyə keçid ümid və sağ qalmaq deməkdir. Əgər biz bunu edə biliriksə, siz də edə bilərsiniz. COP konfransının növbəti sədri kimi liderlik nümayiş etdirmək sizin borcunuzdur”.

Buna da bax: Politico: Ekspertlər COP29 Bakı sammitindən niyə əmin deyillər?

“Amma prezidentiniz Əliyev deyir ki...”

Məktubda deyilir ki, Muxtar Babayev ölkələrin nümayəndə heyətlərinə məktubunda onları iqlimə 1.5 C istilik dərəcəsi ilə bağlı töhfə verməyə çağırıb və Azərbaycanın da bu hədəfə sadiqliyini dilə gətirib. Bu isə qazıntı yanacağı hasilatının genişləndirilməməsi deməkdir:

“Amma bu il sizin prezidentiniz İlham Əliyev qazıntı yanacağını “allahların hədiyyəsi” adlandırıb. Sakit okean adalarında yaşayan bizlər üçün bu sözlər təkcə məsuliyyətsiz deyil, həm də qəddar səslənir”.

Sikulu yazır ki, hazırda Azərbaycan iqlim sahəsində liderlik etmir və qlobal istiləşməni 1.5 C dərəcənin altında saxlamaq hədəfinin yaxınlığında da deyil:

“Siz emissiyanın 2050-ci ilədək 1990-cı illərin səviyyəsi ilə müqayisədə 40 faiz azaldılmasından söz açırsınız. Amma sizin emissiyalarınız 1990-cı illərdə 21-ci əsrdə olduğundan çox yüksək idi. Biz 2050-ci ilədək qazıntı yanacağından tamamilə xilas olmalıyıq. Sizin qazıntı yanacağı ixracatını artırmaq planlarınız iqlim hədəflərinizlə ziddiyyət təşkil edir”.

Buna da bax: 'Amnesty': COP29-a ev sahibliyi sazişi insan haqlarına təminat verməlidir

“Gözdən pərdə asan fond”

Məktub müəllifi iddia edir ki, Azərbaycan qazıntı yanacağı sənayesindən hesabat istəmək əvəzinə gözdən pərdə asmaq üçün fond təqdim edib.

Sikulunun fikrincə bu fond SOCAR-ın qazıntı yanacağı hasilatının genişlənməsini pərdələyir:

“1 milyard dollarlıq fond güzəştli maliyyə ilə deyil, bazar qiymətləri ilə fəaliyyət göstərəcək. Bu isə əsl iqlim hərəkəti və bərpa üçün tələb olunan nəhəng məbləğlərlə müqayisədə təəssüf doğuran jestdir və diqqəti sizin ölkənizin dağıdıcı ətraf mühit fəaliyyətindən göz görə-görə yayındırmaq cəhdidir”.

Məktub müəllifi bildirir ki, “artıq boş sözlərə ehtiyac yoxdur və dünya COP29-da Azərbaycandan qlobal enerji keçidinin reallaşdırılması üçün ambisiyalı və yeni kollektiv maliyyə hədəfinə doğru liderlik gözləyir və belə yayındırıcı fəndlərə nə vaxt, nə də səbir qalmayıb”:

“Qlobal istiləşməni 1.5 C dərəcəsinin altında saxlamaq üçün bizim qazıntı yanacağı dövründən tam və dərhal çıxmağızımıza ehtiyac var”.

Müəllif qeyd edir ki, “Azərbaycan əgər iqlim tədbirinə mötəbər ev sahibi kimi görünmək istəyirsə, noyabradək ambisiyalı iqlim hədəflərini hərəkətə gətirməlidir”.

Məktubda deyilir ki, “iqlim liderliyi variant deyil və iqlim tədbirinə ev sahibliyinin ön şərtidir və bura həm də insan haqlarının və vətəndaş cəmiyyəti meydanının saxlanması da daxildir”.

Rəsmi Bakı bu məktuna hələ ki, münasibət bildirməyib.

Bundan öncə hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd ediblər.

Rəsmi media orqanları Azərbaycanın COP29-a ev sahibliyini ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı sayırlar. Prezident İlham Əliyev 2024-cü ili ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.

"Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir", – rəsmi AZƏRTAC agentliyi yazır. Qeyd olunur ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

İnsan haqlarının durumu ilə bağlı tənqidə gəlincə, Azərbaycan hakimiyyəti indiyədək ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etməyib. Ölkədə heç kimin peşə fəaliyyətinə görə siyasi basqı görmədiyi bildirilib.

Ancaq ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Saxlanan jurnalistlər, əsasən, hakimiyyətin yuxarı təbəqələrində korrupsiyanı ifşa edən araşdırmalar aparıblar.