Amerika kəşfiyyat hesabatına istinadən Associated Press yazır ki, Çinin liderləri, çox güman ki, pandemiya başlamazdan əvvəl virus haqqında bilgisiz olublar.
Məlumatda vurğulanır ki, hesabatı hazırlayarkən Amerika kəşfiyyat xidmətləri müttəfiq ölkələrlə məsləhətləşib, o cümlədən qeyri -hökumət mütəxəssislərini və epidemioloqlarını da bu işə cəlb ediblər.
Amma Çinin ABŞ -la əməkdaşlıqdan imtina etməsi virusun mənşəyini analiz etməyi çətinləşdirib. ABŞ milli kəşfiyyatının rəhbəri, Çinin qlobal bir araşdırmaya mane olduğunu və virus haqqında məlumatları digər ölkələrlə paylaşmadığını söyləyib.
ABŞ kəşfiyyatının bir hissəsi COVID-19-un laboratoriya mənşəli olduğuna inanır. Elm adamları yarasalardan keçən virusun təbii mənşəyi nəzəriyyəsinə söykənirlər.
Çin Xarici İşlər Nazirliyi isə bütün ittihamları əsassız adlandırır. Pekin iddia edir ki, ABŞ Çin Xalq Respublikasını bu məsələdə "günah keçisi" kimi təqdim edir.
2021-ci ilin mayında ABŞ prezidenti Joe Biden virusun Çində laboratoriyada hazırlanması ilə bağlı məlumatların araşdırılması üçün ölkə kəşfiyyatına üç aylıq vaxt verib.
2021-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının ekspertləri virisun ilk yayıldığı ehtimal olunan Çinin Uhan əyalətində olublar. Araşdırmalar nəticəsində ekspertlər virusun insana heyvandan keçməsinin daha inandırıcı olduğu qənaətinə gəliblər.
Pekin koronavirusun laboratoriya mənşəli olması və məlumatların gizlədilməsi ilə bağlı ittihamları təkzib edib və Dünya Səhiyyə Təşkilatının əlavə araşdırmalarında iştirakdan imtina edib.
Pandemiyanın ilk günündən indiyə qədər dünyada 200 milyondan çox adam bu virusa yoluxaraq xəstələnib, 4 milyondan çox adam isə ölüb.