Dağıstanda Serqokalin rayonunun rəhbəri və "Vahid Rusiya" partiyasının yerli şöbəsinin katibi Maqomed Omarov saxlanıb, evində axtarış aparılıb.
TASS-ın məlumatına görə, bazar günü, iyunun 23-də sinaqoq və polisə hücumda Omarovun iki oğlu, eləcə də qardaşı oğlu iştirak edib.
İyunun 23-də Dərbənddə sinaqoq və pravoslav kilsə avtomat silahlardan atəşə tutulub. Eyni vaxtda naməlum şəxslər Mahaçqalada yol-patrul xidmətinin postuna hücum edib, daha sonra hadisə yerinə gələn polislərlə atışmaya giriblər.
Hücumlar nəticəsində 15-i polis olmaqla 20-dək şəxsin həlak olduğu deyilir. Onların arasında Dərbənddəki Müqəddəs Məryəm Şəfaət Kilsəsinin baş keşişi Nikolay Kotelnikov da var.
Dağıstan rəhbəri bildirib ki, bir gün əvvəl Mahaçqala və Dərbənddə elan edilmiş əks-terror əməliyyatının aktiv mərhələsi başa çatıb, altı hücumçu öldürülüb. İstintaq Komitəsi olayları terror aktı kimi dəyərləndirib və buna uyğun cinayət işi açıb.