Talibanın Əfqanıstanın şimalında yeni ərazilər tutmasından sonra 300-dən çox əfqan hərbçisi Tacikistana keçib. Bu barədə Tacikistan sərhəd xidməti məlumat yayıb.
Məlumata görə, bu son iki həftə ərzində Əfqanıstan hərbçilərinin qaçıb Tacikistan ərazisinə keçməsi ilə bağlı üçüncü hadisədir.
Tacikistan sərhəd xidmətinin məlumatına görə, vəziyyətin gərginləşməsi taliblərin Badaxşan vilayətinin sərhəd bölgəsindəki bir neçə yaşayış məntəqəsinin ələ keçirilməsi ilə başlayıb.
"Taliban" hərəkatı son həftə ərzində hökumət qüvvələri ilə vuruşaraq onlarla yaşayış məntəqəsini ələ keçirib.
Bu hadisələr, ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq güclərin öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlamalarının fonunda baş verir.
Bu geri çəkilmə, Kabildəki Qərbin dəstəklədiyi hökumətin və dövlət təhlükəsizlik qüvvələrinin mümkün dağılması ilə bağlı narahatlıqları artırır.