Bələdçilər əmək haqlarının azaldılmasına etiraz edir

Aksiya

Bu gün, mayın 16-da bir qrup dəmiryol işçisi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC binası önünə toplaşaraq şikayətlərini dilə gətiriblər. Onlar deyiblər ki, əmək haqları azaldılıb.

Dəmiryolçular vurğulayıblar ki, müqavilələri başa çatmamış əmək haqlarının azaldılması düzgün deyil. Onlar əlavə ediblər ki, əmək haqları 250 manata salınıb, halbuki, əvvəl 370 manat alıblar.

Şikayətçilər söyləyiblər ki, bu addım koronavirus pandemiyası ilə əlaqədar ölkənin quru yollarının bağlanması ilə izah edilir. Onlar deyirlər ki, indi yalnız daxildə qatarlar bəzi marşrutlar üzrə hərəkət edə bilir.

Şikayətçilərin qarşısına məsul şəxs çıxıb

Özünü "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov kimi təqdim edən şəxs deyib ki, bu addım əmək məcəlləsinə uyğun atılıb. O da bildirib ki, koronavirus pandemiyası ilə bağlı dəmiryolda boşdayanmalar yaranıb. Rəis vurğulayıb ki, onlar iki il ərzində əmək haqlarını tam alıblar, indi isə, mayın 1-dən boşdayanmaya cəlb ediliblər.

E.Muradov deyib ki, boşdayanmada işçinin əmək məcəlləsinə uyğun olaraq əmək haqqının üçdə ikisi ödənilir. O, daha sonra şikayətçiləri qəbula çağırıb.

Şikayətçi dəmiryolçulardan bəziləri də vurğulayıb ki, əslində prezidentin də sərəncamı olmuşdu ki, pandemiyaya görə işləməyən işçilərin əməkhaqqına toxunulmasın. Onlar deyiblər ki, bunda məqsəd bəzi bələdçilərin yerinə özlərinə yaxın şəxsləri işə qəbul etməkdir.

Daha sonra hadisə yerinə polis də gəlib və şikayətçilər qəbula yola salınıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Bu müddət ərzində karantin bir xeyli yumşaldılsa da, ölkənin quru sərhədi hələ də açılmayıb.

ADY: Maaşlarının 5 misli müavinət ödəniləcək

Aksiyadan sonra "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ayrıca açıqlama yayıb.

Bildirilir ki, "Azərbaycan Dəmir Yolları" QSC-də 18 mindən çox işçi heyəti var: "Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan artıq... əməkhaqqı ödənilib".

Məlumatda deyilir ki, hazırkı mühit işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib. Bildirilir ki, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib: "Sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub".