Azərbaycanda bir neçə aydır boy artırmaq üçün dövlətin verdiyi bahalı dərman preparatının uşaqlardan əsirgəndiyi bildirilir.
Bu barədə həkim Aydın Əliyev məlumat yayıb. Onun sözlərinə görə, həmin dərman "öz adamlarına" verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə "naməlum" və "qaranlıq" səbəblərdən çatdırılmır: "Hazırkı iqtisadi çətin durumda olan valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər. Bu insanlar çox çətin duruma düşüblər".
TƏBİB-dən izah
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a açıqlamada uşaqlara ayrıseçkilik qoyulması ilə bağlı iddiaları yalanlayıblar. Oradan bildirilib ki, 2020-ci ildən 2023-cü ilin avqustuna qədər sözügedən preparatın təminatı 1500-dək uşağı əhatə edib: "Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq iki aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb".
Vurğulanıb ki, yaranmış problemin aradan qaldırılması məqsədilə TƏBİB zəruri addımlar atıb: "Növbəti aydan deyilən preparatın başqa şirkət vasitəsilə Respublika Endokrinoloji Mərkəzinə verilməsinin bərpası nəzərdə tutulub".